Süni intellektli oyuncaqlar uşaqların suallarını cavablandıracaq 2015-03-19 11:08:55 / KONFRANSLAR

Balacaların həmsöhbəti onların “elektron dostu” olacaq

 

Yaxın gələcəkdə uşaq mağazalarında balacaların suallarına cavab verə və onlarla müxtəlif mövzularda söhbət edə biləcək “intellektual” oyuncaqlar peyda olacaq. “CogniToys” adlanan oyuncaqlar bunun üçün IBM şirkətinin “Watson” superkompüterinin süni intellekt sisteminin yaratdığı imkanlardan istifadə edəcək. Oyuncaqlar “Elemental Path” şirkətinin məhsuludur.  

 

3D printerinin köməyilə “CogniToys” seriyasından olan bir neçə oyuncaq artıq işıq üzü görüb. Dinozavr şəklində olan oyuncağın korpusunun içərisində akkumulyator batareyası, dinamik, mikrofon və oyuncağın bulud hesablama sistemi ilə əlaqəsinə cavabdeh olan heç də mürəkkəb olmayan elektron içlik vardır. “CogniToys”un cəmi bir idarəetmə elementi vardır – yandırma və söndürmə düyməsi.

 

“CogniToys” oyuncaqları 4-7 yaş həddində olan uşaqlar üçün nəzərdə tutulub. Lakin sistemin gələcəkdə təkmilləşdirilməsi sayəsində oyuncaq uşağın yaşı və onun intellektual səviyyəsi ilə ayaqlaşa biləcək. Hazırda oyuncağın sisteminə məsələn, “Yer kürəsindən Aya qədər olan məsafə nə qədərdir” kimi sadə suallara cavab axtarmaq üçün bir saniyəyə yaxın vaxt lazımdır. Amma sistemə artıq bir neçə özünütəlim prinsipi də daxil edilib ki, bunun sayəsində o, sual ikinci dəfə veriləcəyi təqdirdə ona daha tez cavab verəcək.

 

Şirkətdən bildirilənə görə, hər bir oyuncaq öz sahibini tanıyacaq, onun maraq dairəsinə bələd olacaq, uşağın yaşı və intellektinin artması ilə o da öz növbəsində, bilik səviyyəsini artıracaq. İstifadə edilməyə  başlayanda hər bir oyuncaq fərdiləşəcək, böyüyən uşağın tələb və maraqlarına cavab vermək üçün daim köklənməklə uzun müddət ərzində dəyişəcək.

 

Hazırda şirkət məşhur “Kickstarter” servisinin köməyilə “CogniToys” oyuncaqlarının az sayda istehsalı üçün 50 min dollar toplamağa çalışır. Bu cür oyuncağı əldə etmək arzusunda olanlar isə onlara 99 dollara başa gələcək sifarişi edə bilərlər. www.dailytechinfo.org saytının məlumatına görə, ilk oyuncaqların alıcılara göndərilməsinə bu ilin noyabr ayında başlana bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024