AMEA İnformasiya Texnologiyaları İnstitutunda “e-library.ru” elektron elmi kitabxanasının imkanları, institutun bu kitabxanada təmsilçiliyinə dair mövcud problemlər və onların həlli yolları ilə bağlı onlayn seminar keçirildi.
Tədbirdə 12 saylı şöbənin əməkdaşı Nərgiz Abdullayeva “e-library.ru” elektron elmi kitabxanasının imkanları haqqında məruzə ilə çıxış edərək, bu onlayn informasiya resursunda qeydiyyatdan keçmək qaydaları barədə ətraflı məlumat verdi. O, “e-library.ru” elmi bazasının bir çox xidmətləri və onların funksiyalarından, burada mövcud olan jurnal, kitab, təşkilat, müəllif və s. tipli axtarış növləri və onlardan istifadə qaydalarından bəhs etdi. Həmçinin “Russian Science Citation Index” ilə bağlı məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra şöbənin digər əməkdaşı, institutun dissertantı və böyük elmi işçi Nərmin Adıgözəlova “İnformasiya Texnologiyaları İnstitutu “e-library.ru” elektron elmi kitabxanasında” adlı məruzə ilə çıxış etdi. “e-library.ru” elmi bazasında institutun adını daxil edərək, təşkilat üzrə axtarış sorğusu verdikdə bu elmi müəssisədə fəaliyyət göstərən tədqiqatçıların elmi bazada dərc edilmiş məqalələrinin sayını görməyin mümkün olduğunu qeyd etdi.
Məruzəçi institut alimlərinin elmi əsərlərinin “e-library.ru” elektron elmi kitabxanasında 2004-cü ildən etibarən dərc olunduğunu söylədi. Bildirdi ki, burada hər bir müəllifin məqalələrinin sayı, h-indeksi, istinadlarının sayı və s. haqda məlumatı əldə etmək olar.
O, həmçinin axtarış bölməsində elmi əsərlərin illər, istiqamətlər, müəlliflər, jurnallar, istinadlar üzrə paylanmasını əks etdirən qrafikləri təqdim etdi.
Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, institutun və əməkdaşların müxtəlif dillərdə olan elmi bazalarda identifikasiyası məsələsinə xüsusi diqqət yetirməyin vacibliyini qeyd etdi. Alim qlobal informasiya məkanında müvafiq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təqdim olunan xidmətlərdən yararlanmağın mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Akademik institutun müxtəlif elmi informasiya resurslarında təmsilçilik məsələləri üzrə qiymətləndirmələrin qurumun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını nəzərə çatdırdı. Bu baxımdan, müntəzəm olaraq, müvafiq istiqamət üzrə göstəricilərin monitorinqinin aparılmasını tövsiyə etdi.