Mayın 7-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ailə Gününə həsr edilmiş “Rəqəmsal texnologiyaların sosial inkişaf və ailə rifahına təsiri” mövzusunda elmi seminar keçirilib.
Onlayn tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ailədən kənar cəmiyyətin mövcud olmadığını, informasiya-kommunikasiya texnologiyalarının (İKT), informasiya cəmiyyəti mühitinin müasir ailələr üçün çox vacib faktor olduğunu diqqətə çatdırıb.
Natiq bildirib ki, BMT-nin Baş Assambleyası tərəfindən ilk dəfə 1994-cü ildə Beynəlxalq Ailə Gününün təsis edilməsi, belə bir günün beynəlxalq səviyyədə qeyd olunması bütün dünyada ailə institutlarına qarşı həssaslığın artdığını sübut edir.
R.Əliquliyev İKT-nin cəmiyyətin inkişafında mühüm rolunu vurğulayaraq, onun müasir dövrdə yaratdığı problemlərə də toxunub. Qlobal informasiya cəmiyyətinin hazırkı inkişaf səviyyəsində İKT-nin bütün sferalarda olduğu kimi, insanların həyat və fəaliyyətinə, ailə institutuna da təsirsiz ötüşmədiyini qeyd edib: “Təəssüf ki, İKT-nin gətirdiyi bəzi dəyişikliklər, müəyyən çağırışlar milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edir”.
“Ailənin özü kiçik bir sosial mühitdir”, – deyən alim yeni nəslin və sağlam vətəndaşın yetişdirilməsində ailənin üzərinə çox böyük missiyanın düşdüyünü söyləyib. Ailə qarşısında olan ənənəvi vəzifə və funksiyaların son zamanlar İKT-nin təsiri ilə öz xarakterini dəyişdiyini, informasiya azadlığının nəzarətsiz informasiya mühitinin yaranmasına gətirib çıxartdığını diqqətə çatdırıb.
İnstitut direktoru hazırda ailələrin bütün dünyada məkrli qüvvələrin hədəfinə çevrildiyini, xüsusi hazırlanmış kibercinayətkarlar tərəfindən ailə dəyərlərinə məqsədli şəkildə ziyan vurulduğunu və cəmiyyətin əsaslarının dağıdılmasının əsas problemlərdən birinə çevrildiyini deyib.
Akademikin sözlərinə görə, bu gün valideynlərin öz övladlarına nəzarət və təsir imkanları məhdudlaşıb, çünki uşaqlar İnternetin cazibə dairəsinə düşüblər: “Uşaqların şəxsiyyətinin, dünyagörüşünün formalaşmasında İnternet mühüm rol oynayır. Əminliklə demək olar ki, hazırda informasiya texnologiyalarının mənfi təsirlərinə ən çox məruz qalanlar məhz azyaşlılardır”.
R.Əliquliyevin sözlərinə görə, IV sənaye inqilabının gətirdiyi yeniliklər şəraitində, süni intellekt və informasiya azadlığının inkişafı fonunda fərdi məlumatların qorunmasında ortaya çıxan problemlər ailə institutunun müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırılmasını zəruri edir.
Akademikin fikrincə, bu gün valideynələr öz övladlarına lazımi səviyyədə nəzarət edə bilmək, onları müvafiq təhlükələrdən qorumaq üçün zəruri İKT biliklərinə malik olmalıdırlar.
AMEA-nın vitse-prezidenti bildirib ki, valideyn ailədə öz aparıcı funksiyasını qoruyub saxlamaq, uşaqların fəaliyyətinə nəzarət edə bilmək üçün daha çox informasiya əldə etməli, yeni biliklərə yiyələnməlidir. Artıq dünyanın inkişaf etmiş ölkələrində təhsilli və bilikli valideynlərin yetişdirilməsi məqsədilə xüsusi proqramlar hazırlanır. Müasir çağırışlar XXI əsrin valideyninin elektron vətəndaş pasportunun olmasını tələb edir.
R.Əliquliyev milli maraqların qorunması, cəmiyyətin və ölkənin müasir çağırışlara uyğunlaşdırılmasında ailə institutunun rolunun artırılmasına Azərbaycan dövləti tərəfindən hər zaman xüsusi diqqət göstərildiyini, bu istiqamətdə məqsədyünlü tədbirlərin həyata keçirildiyini deyib.
İnstitut direktoru bu sahədə dövlət siyasətinə elmi dəstək vermək üçün AMEA-da ailənin texnoloji, hüquqi, psixoloji, sosioloji, fəlsəfi və digər aspektlərdən araşdırılması, ailəşünaslıq elminin inkişafı ilə bağlı tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib.