“Ağıllı” cihazlar müxtəlif sensor və ötürücülərlə təhciz olunmuş, naqilsiz şəbəkəyə malik olub, insan həyatını asanlaşdırmaq üçün nəzərdə tutulan qurğulardır. Hazırda onlar insan həyatının bütün sferalarında tətbiq olunur.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. Şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov seminarın “Elektron tibbdə “ağıllı” qurğulardan istifadə” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəçi öncə “ağıllı” qurğuların elektron tibbdə istifadəsindən bəhs etdi və onlardan bir neçəsi ilə seminar iştirakçılarını tanış etdi. Bu cihazların bir qisminin insanlara stasionar vəziyyətdə öz sağlamlıqlarına nəzarət etməyə imkan verdiyini söylədi.
O.Ələkbərov “ağıllı” tibbi qurğulara misal olaraq “CardioQvark” cihazı haqqında danışdı. Bildirdi ki, bu cihaz ürəkdə baş verən bütün dəyişiklikləri EPİC (Elektrik impulsları ölçən inteqral mikrosxemler) texnologiyası ilə ölçür. Bu mobil kardioqraf xəstəxanalarda istifadə olunan kardioqraflarla eyni dəqiqliyə malikdir.
“Propeller” cihazı haqqında məlumat verən məruzəçi qeyd etdi ki, qurğu astma xəstələrinin xəstəlik dinamikasını analiz etmək və baş verə biləcək riskli halları təyin etmək üçün istifadə olunur.
“FreeStyle Libre” isə şəkərli diabet xəstələrinin şəkərini real vaxt ərzində fasiləsiz ölçmək üçün istifadə olunur. Eyni zamanda gün ərzində şəkərin norması keçilərsə, bu barədə pasiyentin mobil qurğusuna bildiriş göndərilir.
Tədqiqatçı “Oral Hygiene Monitor” qurğusu barədə də məlumat verdi. Bildirdi ki, OHM vasitəsi ilə dişlərdə yaranan problemlərin qarşısını almaq mümkündür. Bir neçə sensorla təhciz olunmuş plastinkanı ağız nahiyəsində yerləşdirməklə dişlərin müayinəsini aparmaq olar.
“Tricella Pillbox” isə ağıllı dərman qutusudur. Hər bir dərmanın istifadə zamanı çatanda pasiyentin mobil qurğusuna, eyni zamanda dərmanlardan pasiyentin istifadə edib-etməməsi barədə onun həkiminə də bildiriş göndərilir.
“Byteflies” şirkəti tərəfindən yaradılan “Sensor dot Byteflies” cihazı epilepsiya xəstələyindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. İnsan bədəninə yerləşdirilən sensorlar vasitəsi ilə epilepsiyanın nə zaman baş verəcəyini təyin etmək mümkündür.
“Vimove” onurğa sütununda olan sinir ağrılarının 24 saat müayinəsini aparan cihazdır.
Onun sözlərinə görə, “UCLA” “ağıllı” saatı isə insan qanındakı kimyəvi maddələrə əsasən dərman qəbulunun zamanını təyin edir. Bu saatlar əsasən xroniki xəstəlikdən əziyyət çəkən insanların dozadan artıq dərman qəbulunun qarşısının alınması üçün istifadə olunur.
Məruzəçi “IBM BlueMix” və “IBM Watson Health” platformaları haqqında məlumat verdi. Bildirdi ki, “IBM BlueMix” Watson IoT platformasına əsaslanaraq, IBM tərəfindən qurulmuş bir xidmət kimi bulud əsaslı platformadır. Ürək monitorinqi məlumatlarının cihazlardan sistemə etibarlı ötürülməsinə imkan verir. Bundan sonra həkimlər və pasiyentlər artıq bazada olan məlumatlarla yeni analizin nəticələrini müqayisə edirlər. “IBM Watson Health” isə IoT istifadə edilən tibbi avadanlıqlardan məlumat toplamaqla,onların ümümi tibbi bazaya inteqrasiyasını təmin edir.
Daha sonra o, e-tibbdə məlumatların təhlükəsizliyi məsələlərinə toxundu: “Xəstə məlumatlarının qorunması e-tibbdə əsas problemlərdən biridir. Texnologiyaların tibbdə tətbiqi fərdi məlumatların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bu problemi aradan qaldırmaq üçün məlumatların şifrələnməsi, ikimərhələli təhlükəsizlik sistemi və s. kimi metodlardan istifadə olunur”.
O. Ələkbərov “ağıllı” xəstəxanalardan da bəhs etdi. Diqqətə çatdırdı ki, “ağıllı” xəstəxanalar xəstəxananın diaqnoz və müalicə zamanı istifadə etdiyi texnikalara qədər “ağıllı” texnologiyalardan istifadə edən xəstəxanalardır. Onların əsasını xidmət sahəsi kimi onun “ağıllı” palataları təşkil edir. Palataların iş prinsipi bulud serverləri üzərində qurulur. Xəstənin ilkin muraciətindən başlayaraq, xəstəxananı tərk edənə kimi onun haqqında bütün məlumatlar buluda ötürülür.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.