Yanvarın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının cari ildə ilk iclası keçirilib.
Onlayn tədbirdə FRTEB Elmi şurasının üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də Gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
İclasın gündəliyində olan ilk məsələ – AMEA Rəyasət Heyətinin “AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarından irəli gələn vəzifələrə həsr olunub.
Məsələ ilə bağlı çıxış edən akademik Rasim Əliquliyev qeyd edib ki, yanvar ayının 19-da AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında FRTEB-in 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında 06 yanvar 2021-ci il tarixli Fərmanından danışan Rasim Əliquliyev vurğulayıb ki, ölkə rəhbərinin yüksək texnologiyaların formalaşması istiqamətində qarşıya qoyduğu yeni fəaliyyət istiqamətləri, eləcə də Dördüncü Sənaye inqilabının çağırışları FRTEB-in elmi müəssisələrinin fəaliyyət istiqamətlərində yeni üfüqlər açır.
Alim süni intellekt texnologiyaları, kiberfiziki sistemlər, proqram mühəndisliyi, Big Data, informasiya və radiasiya təhlükəsizliyi, sosial-iqtisadi, siyasi və texnoloji sistemlərin idarə olunması, tətbiqi riyaziyyat, riyazi kriptoqrafiya, riyazi statistika, diskret riyaziyyat, hesablama riyaziyyatı istiqamətində görülməli olan vacib işlərdən, multidissiplinar və tətbiqi tədqiqatların genişləndirilməsinin zəruriliyindən danışıb.
Rasim Əliquliyevin sözlərinə görə, qarşıda duran prioritet vəzifələrdən biri də Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının müvafiq elmi şuralarının yenidən formalaşdırılmasının təmin edilməsi məsələsidir.
Elmi şuranın sədri bildirib ki, son dövrlərdə cənab Prezidentin sosial, iqtisadi, diplomatik və digər bu kimi çoxsaylı sferalarda apardığı islahatlar AMEA-nın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində rəhbər tutulmuşdur. Bu baxımdan son dövrlərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi-təşkilati fəaliyyətdə idarəetmənin optimallaşdırılması, əldə olunan innovativ potensiallı elmi nəticələrin istehsalatda çevik tətbiqi, gənc kadrların hazırlanması məqasədilə bir sıra istiqamətlərdə islahatlar həyata keçirilir.
Rasim Əliquliyev, həmçinin akademik Ramiz Mehdiyevin FRTEB-in elmi müəssisələrinin fəaliyyət istiqamətlərinə müvafiq olaraq irəli sürdüyü mühüm tövsiyələrini diqqətə çatdırıb.
Onlayn iclasda çıxış edən AMEA-nın akademik-katibi, FRTEB-in Elmi şurasının üzvü, akademik Adil Qəribov, öz növbəsində 2019-cu ilin dekabrında AMEA-nın Ümumi yığıncağında “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul olunduğunu xatırladıb. Alim elmin inkişafının və aparılan tədqiqatların Azərbaycan Respublikasının milli mənafeyinə uyğunlaşdırılmasının, idarəetmənin optimallaşdırılmasının, elmlə təhsilin inteqrasiyasının vacibliyinə toxunub.
Akademik Adil Qəribov, həmçinin AMEA-nın qurumlarında aparılan daxili yoxlamalar haqqında da ətraflı məlumat verib.
Onlayn iclasın gündəliyində yer alan növbəti məsələ – Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin 2021-ci il üzrə elmi-tədqiqat planlarının hazırlanması geniş müzakirə olunub və elmi müəssisələrə tapşırılıb ki, ölkəmizin milli mənafeyi və dünyanın müasir çağırışlarına müvafiq olaraq, AMEA-da son dövrlərdə aparılan islahatların fonunda elmi tədqiqat planlarına yenidən baxılsın və müzakirəyə təqdim edilsin.
Bölmənin Elmi şurası akademik Hacıbəy Sultanovun 100 illik, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 illik yubileylərinin keçirilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə müvafiq qərarlar qəbul edib.
Onlayn iclasda, həmçinin bir sıra kadr məsələləri barədə də qərarlar qəbul edilib. Akademik Rasim Əliquliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, akademik Əli Abbasovun AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun, akademik Arif Həşimovun isə Fizika İnstitutunun baş direktoru vəzifəsinə namizədlikləri irəli sürülüb.
Elmi şuranın üzvləri – akademiklər Telman Əliyev, Fikrət Əliyev, Yusif Məmmədov, Nazim Məmmədov, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Əminağa Sadıqov, Namiq Cəlilov, eləcə də professor Ayaz Bayramov çıxış edərək FRTEB-in iki elmi müəssisəsinin baş direktoru vəzifəsinə namizədlər haqqında rəy və fikirlərini diqqətə çatdırıblar. Daha sonra onlayn iclasda keçirilən açıq səsverməyə əsasən, akademik Əli Abbasovun AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun, akademik Arif Həşimovun Fizika İnstitutunun baş direktoru vəzifəsinə yekdilliklə seçilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərarlar qəbul edilib.
Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.