Tədqiqat işi vətəndaş məmnuniyyəti əsasında e-xidmətlərin çoxmeyarlı qiymətləndirilməsi məsələsinə həsr olunub. Bu məqsədlə vətəndaş məmnuniyyətinə təsir edən amillərin müəyyənləşdirilməsi üçün mövcud təcrübə araşdırılmışdır. Vətəndaş məmnuniyyəti e-dövlətin tətbiqi, səmərəliliyinin qiymətləndirilməsi üçün ən əhəmiyyətli faktorlardan biri kimi qəbul edilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn Elmi seminarında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək Əhali rəylərinin intellektual analizi əsasında elektron dövlət xidmətlərinin vətəndaş məmnuniyyəti meyarına görə qiymətləndirilməsi üçün bir sıra metodların işlənilməsinin cari il üzrə əldə oluan mühüm elmi nailiyyətlərdən biri olduğunu söyləyib.
O, bildirib ki, beynəlxalq təcrübənin analizi göstərir ki, e-dövlət xidmətlərindən istifadədə vətəndaş məmnuniyyətinin araşdırılması ilə bağlı mövcud tədqiqatlar daha çox müxtəlif xarakterli hesabatların individual səviyyədə analizinə və ümumi mənbələrdən götürülmüş məlumatların subyektiv qiymətləndirilməsinə əsaslanır. Tədqiqat nəticələrinə əsasən, göstərilən dövlət xidmətlərinin keyfiyyəti ilə vətəndaş məmnuniyyətinin səviyyəsi arasında birbaşa əlaqənin olduğu hesab edilir. Lakin bu asılılıq heç də həmişə öz təsdiqini tapmır, məmnuniyyətin səviyyəsi göstərilən dövlət xidməti istifadəçisinin gözləntilərinə uyğun olub-olmamasından asılı olaraq dəyişir.
Məruzəçinin sözlərinə görə, dövlət xidmətlərinin keyfiyyəti - vətəndaşların dövlət xidmətlərinə olan ehtiyaclarına cavab vermək imkanını müəyyən edən xarakteristikalar toplusudur. Göstərilən e-xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi üçün bir sıra yanaşmalar, meyarlar və modellər mövcuddur: “Tədqiqat işində vətəndaş məmnuniyyətinə təsir edən dövlət xidmətlərinin keyfiyyət meyarları araşdırılmışdır. Çoxmeyarlı qiymətləndirmə metodundan istifadə edərək vətəndaş məmnunluğu əsasında göstərilən e-xidmətlər qiymətləndirilmişdir. Ədədi eksperimentdə seçilmiş e-xidmətlər vətəndaşların rəyi əsasında qiymətləndirilmiş və “ən pis hal” metodundan istifadə edilərək ranqlaşdırılmışdır”.
F.Yusifov, həmçinin qeyd edib ki, təklif olunan yanaşma keyfiyyət və əlyetərlilik meyarlarını nəzərə almaqla e-dövlət xidmətlərini çoxmeyarlı qiymətləndirməyə imkan verir. Tədqiqat nəticələri göstərir ki, vətəndaş-hökumət münasibətlərinin səmərəli inkişafı göstərilən e-xidmətlərin keyfiyyətindən və əlyetərliliyindən asılı olaraq vətəndaş məmnuniyyətinə əhəmiyyətli dərəcədə təsir edir.
Qeyd edək ki, tədqiqat işinin nəticəsi kimi 3 məqalə “Web of Science” elmi bazasına daxil olan nüfuzlu jurnallarda çap olunub. Belə ki, dosent Fərhad Yusifovun müəllifi olduğu “Vətəndaşların məmnunluğu əsasında dövlət xidmətlərinin qiymətləndirilməsi” (“Оценка государственных услуг на основе удовлетворенности граждан”) adlı məqalə “Информационное общество” jurnalında, elmi işçi Günay İskəndərlinin müəllifi olduğu “Hotspot informasiyadan istifadə etməklə e-dövlətdə vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi” (“Using hotspot information to evaluate citizen satisfaction in e-government: hotspot information”) adlı məqalə “International Journal of Public Administration in the Digital Age” jurnalında, G.İskəndərlinin müvafiq tədqiqat işi ilə əlaqəli digər - “Elektron hökumətdə vətəndaş şərhlərinin avtomatik analizinə klasterləşdirmə və mövzu modelləşdirməsinin tətbiqi” (“Applying clustering and topic modeling to automatic analysis of citizens’ comments in e-government”) adlı məqaləsi isə “International Journal of Information Technology and Computer Science” jurnalında işıq üzü görüb.