Tibbi sosial media resurslarının kontent-statistik analizi əsasında həkim-pasiyent fəallığının qiymətləndirilməsi və səmərəli tibbi qərarların qəbulunu dəstəkləyən konseptual model təklif olunub.
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova və institutun əməkdaşı Aytac İsayevanın həmmüəllifi olduğu, tədqiqat işinin nəticələrinin əks olunduğu “Sosial mediada əldə edilmiş məlumatların tibbi qərarlar üçün istifadəsinə konseptual yanaşma” (“Conceptual approach to the use of information acquired in social media for medical decisions”) adlı məqalə nüfuzlu “Web of Science” elmi bazasına daxil olan “Online Journal of Communication and Media Technologies” jurnalında çap olunub.
Bu barədə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova institutun 2020-ci il üzrə mühüm elmi nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn Elmi seminarda məlumat verib.
Alim bildirib ki, informasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyalarının səhiyyəyə inteqrasiyası və tibbə tətbiqi müalicə-diaqnostika, profilaktika metodlarının dəyişməsi, sağlamlığın monitorinqi proseslərinin təkmilləşdirilməsi ilə yanaşı ənənəvi həkim-pasiyent-tibb müəssisəsi münasibətlərinin transformasiyasına da səbəb olmuşdur. İnternet mühitində peşəkar tibbi sosial cəmiyyətlərin meydana gəlməsi, sosial şəbəkələrdən kütləvi surətdə istifadə olunması, tibb mütəxəssisləri, pasiyentlər, tibbi klinikalar və əczaçı şirkətlər arasında virtual münasibətlərin yaranması e-tibbin əsas göstəricilərindən biri olan tibbi sosial medianı formalaşdırmışdır.
Hazırda tibbi seqmentdə əlyetərli olan çoxlu sayda sosial media vasitələri: şəbəkə platformaları, bloqlar, mikrobloqlar, tibbi portallar, məlumat mübadiləsi saytları və s. mövcuddur. Bu vasitələr peşəkar şəbəkələrin təkmilləşdirilməsinə, ictimai sağlamlıq proqramlarının inkişaf etdirilməsinə, pasiyentlərə və onların maarifləndirilməsinə xidmət edir, daha səmərəli tibbi qərarların qəbulu üçün yeni imkanlar yaradır.
M.Məmmədova qeyd edib ki, tədqiqat çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, qəbul olunan tibbi qərarların səmərəliliyinin artırılması üçün kütlə rəyinin nəzərə alınmasının vacibliyi nəzərə alınaraq, tibbi sosial media mühitində mövcud ixtisaslaşmış şəbəkələr analiz olunmuş, onların istiqamətləri, əsas subyektləri və obyektləri müəyyənləşdirilmiş, formalaşan münasibətlərə görə onlar həkim-həkim; həkim-pasiyent; pasiyent-pasiyent; həkim-əczaçılıq şirkəti; əczaçı-reklam şirkəti; həkim-pasiyent-tibb bacısı; həkim-tibbi klinika; pasiyent-tibbi klinika seqmentlərinə görə təsnifləndirilmişdir. Hər bir seqment çərçivəsində münasibətdə olan tərəflər üçün sosial medianın yaratdığı spesifik imkanlar nəzərdən keçirilmiş və müvafiq tibbi qərar qəbuletmə məsələlərinin həllinin mümkünlüyü göstərilmişdir. Bu məqsədlə milli tibbi sosial media məkanında mövcud “Həkim.tap”, “həkimsənaz.az”, “sağlamolun.az”, “doctormap.az”, “DentStar.az”, “tibb.az” portalları analiz olunmuşdur.
Məruzəçinin sözlərinə görə, tədqiqat zamanı sosial medianın həkim-pasiyent seqmentində toplanan informasiyanın kontent-statistik analizi aparılmış və nəticələr əsasında maraqlı tərəflərin tibbi sosial media məkanında fəallığının qiymətləndirilməsi üçün zəruri olan yeni informativ parametrlər sistemi işlənilmişdir. Təklif edilmiş parametrlər əsasında tibbi qərarların qəbulunu dəstəkləyən konseptual model işlənilmişdir.
“Bu parametlər və konseptual yanaşmaya istinad etməklə bir sıra qərar qəbuletmə məsələlərinin həlli nəzərdə tutulur: tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi; tibbi portallara əhalinin əlyetərliyi baxımından regionların rəqəmsal bərabərsizliyinin müqayisəsi; tibbin müxtəlif sahələri üzrə tibbi xidmətlərə tələb və təklifin aşkarlanması; regionlar üzrə əhalinin tibbi təhlükəsizliyinin qiymətləndirilməsi; regionların tibbi sosial tomoqrafiyası; xəstəliklərə görə regionlarda ekoloji vəziyyətin, əhalinin yaşam tərzinin, sosial-iqtisadi inkişaf vəziyyətinin, tibbi infrastrukturun təhlili və s.”, - deyə AMEA-nın müxbir üzvü əlavə edib.