AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri hər il olduğu kimi, bu il də beynəlxalq əməkdaşlığı davam etdirmiş, prioritet istiqamətlərdə elmi tədqiqatlarda fəal iştirak etmişdir, mühüm elmi nəticələrin əks olunduğu məqalələr “Web of science”, “Scopus” kimi nüfuzlu elmi bazalara daxil olan tanınmış beynəlxalq jurnallarda nəşr olunmuşdur.
İnstitutun növbəti onlayn Elmi seminarında əməkdaşların cari il üzrə əldə etdikləri mühüm elmi nəticələr müzakirə olundu.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq öncə rəhbərlik etdiyi qurumun elmi fəaliyyətindən bəhs etdi. Alim COVID-19 infeksiyasının ölkəmizdə vüsət aldığı və xüsusi karantin rejiminin elan oldunduğu ilk günlərdən etibarən rəhbərlik etdiyi qurumda idarəetmə məsələlərinin onlayn rejimdə uğurla həyata keçirildiyini, əməkdaşların elmi tədqiqatları fəaliyyət planlarına uyğun olaraq ev şəraitində davam etdirdiklərini diqqətə çatdırdı.
İnstitutun elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan akademik R.Əliquliyev doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması, gənclərin elmə cəlb edilməsi, mövcud intellektual potensialdan maksimum şəkildə istifadə olunmasının vacibliyini vurğuladı.
Hazırda institutda bir neçə alimin elmlər doktorluğuna namizəd olduğunu deyən akademik onların öz fəaliyyətini uğurla davam etdirdiyini, multidissiplinar tədqiqatlarla məşğul olduqlarını söylədi.
R.Əliquliyev institutdaxili elmi seminarların gücləndirilməsi, bu kimi tədbirlərdə hər bir şöbə əməkdaşının fəal iştirakı, eləcə də riyazi biliklərin dərinləşdirilməsinin bütövlükdə institutun elmi fəaliyyətinin optimallaşdırılması baxımından zəruri olduğunu diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti qeyd etdi ki, əldə olunan hər bir mühüm elmi nəticə institutun elmi seminarlarında geniş şəkildə müzakirə olunmalı, aparılan uğurlu tədqiqatlar barədə ictimaiyyətə məlumatlar verilməlidir.
Sonra institut əməkdaşlarının 2020-ci il üzrə əldə etdikləri, qurumun alim və mütəxəssislərinin həmmüəllifliyi ilə əldə edilmiş mühüm elmi nəticələr təqdim olundu.
İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modellərinin təklif olunduğunu, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Mobil bulud resurslarının optimal paylanma infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənildiyini, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün konsensus çəkili klasterləşdirmə metodu və paralelləşdirilmiş k-means alqoritminin işlənildiyini, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Neft-qaz sənayesində mədən avadanlıqlarında qəzaların proqnozlaşdırılması üçün hibrid dərin neyron şəbəkə arxitekturları və müvafiq təlim alqoritmlərinin işlənildiyini diqqətə çatdırdı.
Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova Tibbi sosial media resurslarının kontent-statistik analizi əsasında həkim-pasiyent fəallığının qiymətləndirilməsi və səmərəli tibbi qərarların qəbulunu dəstəkləyən konseptual modelin təklif olunduğunu, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov Əhali rəylərinin intellektual analizi əsasında elektron dövlət xidmətlərinin vətəndaş məmnuniyyəti meyarına görə qiymətləndirilməsi üçün bir sıra metodların işlənildiyini, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova isə Proqram məhsullarının çoxmeyarlara görə seçilməsi, səmərəliliyinin artırılması və idarə olunmasının optimallaşdırılması üçün metodların işlənildiyini nəzərə çatdırdı.
Hər bir elmi nəticəyə dair geniş müzakirələr aparıldı, tədqiqatların daha da dərinləşdirilməsi və yeni istiqamətlərdə davam etdirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirildi.