Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Sonra institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova“Elmmetrik göstəricilər” mövzusunda məruzəni təqdim etdi.
O, elmi əsərlərin miqdarına, istinadların və elmi əsərlərin sayına əsaslanan göstəricilər haqqında məlumat verdi. Bildirdi ki, elmi əsərlər tipi, həcmi, nəşrin statusu (impakt faktor) tədqiqat istiqaməti və həmmüəlliflərin sayına əsasən fərqləndirilir.
Məqalələrə istinadların sayının artmasının gətirdiyi üstünlüklərdən danışan məruzəçi qeyd etdi ki, istinadlar aparılan tədqiqatların aktuallığı və vacibliyinin, yüksək istinad indeksi isə alimin elmi cəmiyyət tərəfindən qəbul olunmasının göstəricisidir. Onun sözlərinə görə, elmi təşkilatlarda yüksək indeksli alimlərin fəaliyyət göstərməsi təşkilatın işinin effektivliyinin artmasına xidmət edir.
N.İsmayılova istinadların alimlər, elmi təşkilatlar və ölkələrin fəaliyyətinin qiymətləndirilməsi, qrant müsabiqələrində ekspertizanın həyata keçirilməsi, elmi-pedoqoji fəaliyyətlə məşğul olan şəxslərin attestasiyası, elmi nəşriyyatlarda tələbatın proqnozlaşdırılması üçün istifadə olunduğunu vurğulayaraq “ISI Web of Science”, “Scopus” kimi elmi verilənlər bazaları haqqında məlumat verdi.
O, həmçinin jurnalların qiymətləndirilməsi üçün impakt faktorun, alimlərin qiymətləndirilməsi üçün isə H-indeks, G-indeks və i10-indekslərinin hesablanmasına nümunələri təqdim etdi.
N.İsmayılova ixtiyari format və istiqamətdə elmi əsərlərin tam mətnli axtarış sistemi olan “Google Scholar” barədə məlumat verərək sistemdə qeydiyyatdan keçmə və məqalələri sistemə daxil etmə üsulunu əyani nümayiş etdirdi.
Sonda məruzə ətrafında gedən müzakirələrdə M.Məmmədova, texnika üzrə fəlsəfə doktorları Şəfəqət Mahmudova, Bikəs Ağayev və digərləri iştirak edərək təklif və tövsiyələrini səsləndirdilər.