Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir.
Bu əlamətdar hadisə dünyanın 150-dən çox ölkəsində müxtəlif şüarlar altında qeyd olunur. Tədbirlər qeyri-hökumət təşkilatı olan INSAFE (European Safer Internet Network - Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir. INSAFE - Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. INSAFE təşkilatı Avropanın 26 ölkəsinin təhsil nazirlikləri nümayəndələrinin daxil olduğu European Schoolnet konsiliumu tərəfindən idarə edilir.
Bu il “Birlikdə daha yaxşı internet üçün” şüarı altında qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 11 fevral tarixinə təsadüf edir.