Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı. İnstitutun 2015-ci il üçün fəaliyyət planının təsdiqi məsələsinin önəmliliyini vurğulayaraq bu il şöbələrdə görüləcək işlər, həyata keçiriləcək layihələrin əhəmiyyətindən söz açdı. Alim institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, uğurlu elmi nəticələrin əldə olunması üçün dünyanın nüfuzlu beynəlxalq jurnallarından istifadə və institutun qlobal elmi mühitə inteqrasiyası istiqamətində işlərin aparılmasının vacibliyindən danışdı. R.Əliquliyev həmçinin institut tərəfindən cari ildə Big Data, informasiya təhlükəsizliyi, elektron tibb və s. istiqamətlər üzrə beynəlxalq və respublika səviyyəli tədbirlərin keçiriləcəyini bildirdi.
İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova Elmi şuranın qərarlarının və verilmiş digər tapşırıqların icra vəziyyəti haqqında məlumat verdi. İcra olunmamış və icra prosesində olan tapşırıqlar diqqətə çatdırıldı.
Sonra çıxış edən texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova məsul redaktoru olduğu “İnformasiya texnologiyaları problemləri” jurnalının monitorinqi və problemlərindən danışdı. Fəaliyyət göstərdiyi 5 il ərzində jurnalın 10 nömrəsinin çap olunduğunu və 112 məqalənin nəşr olunduğunu qeyd edən Z.Cəbrayılova bildirdi ki, jurnal “Google Scholar” və “INSPEC” indeks bazalarına daxil edilmişdir.
Məsul redaktor məqalələrin təqdim edildiyi institutlar, dillər və müəlliflərə görə paylanması, müəlliflərin institutlar üzrə paylanması haqqında statistik məlumatları diqqətə çatdırdı.
Jurnalın mövcud problemlərini də dilə gətirən Z.Cəbrayılova jurnalın Ali Attestasiya Komissiyasının tələblərinə uyğunlaşdırılması, onun beynəlxalq reyestrlərə inteqrasiyası və saytının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini vurğuladı.
“İnformasiya Cəmiyyəti Problemləri” elmi-praktiki jurnalının 2010-2014-cü illər üzrə statistikasını tədbir iştirakçılarının nəzərinə çatdıran institutun sektor müdiri, jurnalın məsul redaktoru Rasim Mahmudov jurnalda ümumilikdə 32 müəllif tərəfindən 91 elmi məqalənin dərc olunduğunu söylədi.
Jurnalda Azərbaycanla yanaşı, Böyük Britaniya, Ukrayna və İrandan olan müəlliflərin məqalələrinin nəşr olunduğunu bildirən R.Mahmudov məqalələrin mövzular üzrə statistikasını təqdim etdi.
Sonra institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova“Elmi informatika” fənninin proqramı haqqında çıxış edərək proqramın “Elmmetriya”, “Bibliometriya”, “E-kitabxanalar”, “İnformasiya cəmiyyəti: E-elm”, “Modelləşdirmə”, “Beynəlxalq elmi bazalar”, “Antiplagiat texnologiyaları”, “Superkompüterlər”, “Big Data”, “Veb-texnologiyalar” və digər bölmələr üzrə tərtib olunmasının planlaşdırıldığını qeyd etdi.
İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov institutun doktorant və dissertantlarının attestasiyasının keçirilməsi ilə əlaqədar çıxış edərək bildirdi ki, 2014-cü il üzrə attestasiyada 54 doktorant və dissertant iştirak edəcək. Onlardan 8 nəfəri doktorant, 46 nəfəri dissertantdır. Qeyd etdi ki, mart ayının I yarısında attestasiyanın keçirilməsi üçün komissiyanın yaradılması nəzərdə tutulur.
Tədbirdə həmçinin fevralın 24-də İnformasiya Texnologiyaları İnstitutu və Dilçilik İnstitutunun “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş birgə seminarının keçirilməsi, 2015-ci il üçün institutun elmi seminarlarının planı və digər məsələlər ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu.
Müzakirələrdə institutun baş mühəndisi texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Ramiz Şıxəliyev, Bikəs Ağayev, Şəfəqət Mahmudova iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri çıxış edərək təklif və tövsiyələrini səsləndirdilər.