AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən GEANT-ın İdarəetmə Şurasının iclasında iştirak edib.
Qeyd edək ki, iclasa təşkilatın layihə rəhbərləri Veronika Di Luna və Leonie Şafer, IT mütəxəssisi Yeva Muraşkina, texniki məsələlər üzrə baş mütəxəssisi Kladio Allaçoi, satınalma üzrə mütəxəssisi İstvan Tetenyi, Şura üzvləri Raymundus Tuminauskas və Valter van Dijk da qatılıb.
İclasda maliyyə və satınalma məsələləri, layihə çərçivəsində alınan avadanlıqlar, Moldova və Ukrayna arasında yeni optik kabelin çəkilməsi məsələləri müzakirə olunub. Həmçinin, mentorluq proqramı, “EaPEC 2020” konfransı, “Tədqiqatını işıqlandır 2019” ( Enlighten Your Research 2019) proqramı ətrafında danışıqlar, marketinq və kommunikasiyanın (Marcomms) vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
İclasda gələn ilin oktyabr ayında Bakıda keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) bağlı görülən işlərin ilkin mərhələsi haqqında məlumat verilib, eləcə də AMEA-nın vitse-prezidenti, İTİ-nin direktoru, akademik Rasim Əliquliyevin EaPEC 2020 ilə bağlı irəli sürdüyü təkliflər səsləndirilib.
Tədbirdə, həmçinin EapConnect layihəsinin davamı olan EaPConnect2 ətrafında aparılan müzakirələrdə növbəti layihənin gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məsələlərinə həsr olunacağı vurğulanıb.