AMEA İnformasiya Texnologiyaları İnstitutunun fevralın 12-də keçirilmiş elmi seminarında şöbə müdiri Anar Səmidov ölkədə ilk olaraq institut tərəfindən alınmış 3D printeri nümayiş etdirdi. Printerdə çap olunmuş işlək mexanizmləri təqdim edərək tədbir iştirakçılarına avadanlıq haqqında ətraflı məlumat verdi.
Bildirdi ki, texnologiyalar sahəsində XXI əsrin ən mühüm ixtiralarından olan 3D printer işlək mexanizmlə yanaşı, onun ayrı-ayrı detallarını da çap edir. Onun sözlərinə görə, daha peşəkar çap üçün hazırlanmış 3D printerlər çap prosesində müxtəlif rənglərdən istifadəyə imkan verən bir neçə çap başlığına malik olur. Bunun hesabına 390 000 rəng çaları əldə etmək mümkundür. Tədbirdə nümayiş olunan üçölçülü printerdə isə çap prosesi zamanı bir rəngdən istifadə olunur və rəng yalnız kənardan müdaxilə etməklə dəyişilə bilər.
A.Səmidov 3D printerlərdə eyni zamanda 200-ə yaxın materialdan istifadənin və maketin istənilən rəngdə çap edilməsinin mümkünlüyünü vurğuladı.
O, qeyd etdi ki, 3D printerlər memarlıq, incəsənət, zərgərlik, tibb, təhsil, nəqliyyat və digər sahələrdə tətbiq olunur. Gətirdiyi üstünlüklərlə yanaşı, bu printerlərdən sui-istifadə hallarına da rast gəlindiyini, kriminal sahədə pis niyyətli fəaliyyət üçün istifadə olunduğunu diqqətə çatdırdı.
Sonda şöbə müdiri iştirak etdiyi “3D print Conference. Baku”da çap olunmuş maketlərin fotoşəkillərini nümayiş etdirdi.
Üçölçülü printer tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı, çoxsaylı suallar cavablandırıldı.