AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Sosial media verilənlərində kiberhücumların aşkarlanması üçün Deep Learning üsulu” (“Deep Learning Method for Prediction of DDoS Attacks on Social Media”, DOI: 10.1142/S2424922X19500025) adlı məqaləsi “World Scientific” nəşriyyatında dərc olunan “Advances in Data Science and Adaptive Analysis” jurnalında çap olunub.
Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevadır.
Son zamanlar sosial platformalardan toplanan verilənlər istifadəçilərin sentimentləri və fikirləri əsasında sosial hadisələri analiz etməyə və real hadisələr haqqında proqnozlar verməyə imkan yaradır. Əksər kiberhücumlar hakerlər tərəfindən sosial şəbəkələrdə aparılan diskusiyaların əsasında reallaşdırılır. Məqalədə sosial media mətnlərinin intellektual analizi əsasında kiber-hücumların aşkarlanması üsulu təklif edilmişdir. Burada analizi həyata keçirmək üçün dərin təlim üsulu istifadə edilmişdir. Üsul sosial mediada relevant mətnlərin tapılması yolu ilə kiberhücumların baş vermə ehtimalını yüksək dəqiqliklə, az itkiyə yol verməklə proqnozlaşdıra bilir. Mətnlərin pozitiv və neqativ siniflərdə klassifikasiyasını həyata keçirmək üçün 13 laydan ibarət CNN modeli və yaxşılaşdırılmış LSTM metodu istifadə olunur. Kiberhücumların növbəti gündə baş vermə ehtimalını proqnoz etmək üçün sosial şəbəkə mətnlərində qeyd olunan xoşagəlməz və ya neqativ sentimentlər istifadə edilir. Bir sıra açıq verilənlər bazaları üzərində test edilən metodun eksperimentlərinin nəticələri təklif edilən yanaşmanın effektivliyini göstərmişdir.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“Big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi (Qrant № EİF-KETPL-2-2015-1(25)-56/05/1) əsasında hazırlanmışdır.
“Advances in Data Science and Adaptive Analysis” jurnalı “Web of Science”, “Academic OneFile”, “CNKI Scholar”, “CnpLINKer”, “Compendex”, “Computer & Information Systems Abstracts”, “DBLP Computer Science Bibliography” və s. beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.