Verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlər işlənəcək 2015-01-30 09:40:08 / KONFRANSLAR

İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi 4 saylı şöbənin 2015-ci il üçün fəaliyyət planına dair çıxış edib. Bildirib ki, cari ildə İnternetin tənzimlənməsi problemləri üzrə kompüter şəbəkələrində verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənməsi, e-dövlət mühitində bu texnologiyalardan istifadə imkanlarının araşdırılması nəzərdə tutulur.

 

AzScienceNet şəbəkəsinin infrastrukturunun genişəndirilməsi işləri ilə bağlı məlumat verən R.Ələkbərov AMEA-nın Əsas binasında şəbəkə infrastrukturunun müasir tələblər əsasında yenidən qurulması, AzScienceNet şəbəkəsi əsasında ölkə daxili və xarici ölkələrlə online  videokonfransların təşkili, şəbəkənin internetə çıxış sürətinin 300 Mbit/s -ə çatdırılması ilə bağlı görüləcək işlərdən danışıb. AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrindən istifadənin genişləndiriləcəyini söyləyib. 

 

Qeyd edib ki, bu il AzScienceNet şəbəkəsinin istifadəçilərinin kompüterlərinin reyestr sisteminin təkminləşdirilməsi və AMEA-nın bir neçə institut və təşkilatının fiber-optik əlaqə kanalı ilə AzScienceNet şəbəkəsinə qoşulması planlaşdırılır. AMEA üzrə e-mail və mobil məlumatlandırma sisteminin qurulması, AMEA  üzrə “Qaynar xətt” xidmətinin təşkili, AMEA qurumlarında İnternet köşklərin istifadəyə verilməsi də cari ildə görüləcək işlər sırasındadır. 

 

AzScienceNet şəbəkəsində yeni xidmətlərin təşkili işlərindən söz açan şöbə müdiri bu istiqamətdə AzScienceNet üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edilməsi, AMEA-nın Əsas binasının həyətində Wi-Fi  xidmətinin yaradılması, ali təhsil müəssisələrində Eduroam xidmətinin yaradılması və s. ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

 

Şöbə, həmçinin AzScienceNet-in təqdim etdiyi “Cloud Computing” xidmətlərinin ali təhsil müəssisələrinin əməkdaşlarına ödənişsiz olaraq təklif olunması və onların bu xidmətlərdən istifadə etməsi üçün təlim seminarlarının təşkil edilməsi ilə əlaqədar məqsədyönlü işlər həyata keçirmək niyyətindədir. 

 

R.Ələkbərov dünyanın nüfuzlu beynəlxalq və respublika əhəmiyyətli jurnallarında şöbə əməkdaşları tərəfindən məqalələrin nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

Şöbənin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Ulusal Akademik Ağ ve Bilgi Merkezi – Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) və GEANT Assosasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdirilməsinın planlaşdırıldığını dilə gətirib.

 

Sonda fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024