AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d.Esmira Əlirzayeva, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova, baş mütəxəssis Əfruz Qurbanova və institutun elmi işçisi, proqramçı Yusif Sadıyev Fransanın Monpelye Universitetində ezamiyyətdə olublar. Ezamiyyət çərçivəsində nümayəndə heyəti “Erasmus+” proqramı üzrə “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması – Nizami” layihəsi çərçivəsində Monpelye Universitetində keçirilən növbəti toplantıda iştirak edib.
Toplantıda layihənin Azərbaycandakı partnyor təşkilatları tərəfindən aparılan işlər və əldə edilən nəticələr müzakirə olunub. Nümayəndə heyəti AMEA tərəfindən həyata keçirilən işləri təqdim edib, Azərbaycanda doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının strukturu və yaradılması prinsiplərini müzakirəyə çıxarıb. Yerli və xarici partnyorların təklifləri nəzərə alınmaqla portalın strukturu qəbul edilib və hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, sözügedən layihə Monpelye Universitetinin koordinatorluğu ilə Avropanın 5 qabaqcıl universiteti, AR Təhsil Nazirliyi, AMEA və Azərbaycandan 9 universitetin iştirakı ilə həyata keçirilir.