Rasim Əliquliyev: “Bu gün Azərbaycan İKT sahəsində regionun lider dövlətinə çevrilib” 2014-12-30 14:36:16 / KONFRANSLAR

Bu il ilk dəfə olaraq Azərbaycan alimlərinin I Qurultayı keçirildi. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə təşkil edilən iclasda təkcə ölkə daxilindən deyil, eyni zamanda müxtəlif dövlətlərdə yaşayan, elm sahəsində tanınmış, çox nüfuzlu Azərbaycan alimləri də iştirak etdilər. Bununla yanaşı, internet üzərindən canlı yayımlanan qurultayı dünyanın hər yerindən izləmək mümkün oldu. Azərbaycan elminin bu günü, sabahı və perspektivlərindən söz açılan qurultay həm ölkə ictimaiyyəti, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilib.

 

Rabitə dünyası” qəzetinə müsahibəsində qurultayın məqsədlərindən danışan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, bu tədbirin keçirilməsinin zəruriliyi müasir dünyanın qlobal çağırışlarının, həmçinin iyirmi ildən artıq müstəqillik yolu keçmiş Azərbaycanın sosial-iqtisadi inkişafının, bu inkişafa müvafiq olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi kimi meydana gəlib:

 

- Bu gün Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hamınıza yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılması əsas strateji inkişaf xətti kimi qəbul edilmişdir.

 

Konsepsiya Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur. Bu vəzifələr tələb edir ki, həm dövlət, həm biznes, həm də vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alimləri vahid bir amal naminə öz qüvvələrini səfərbər etsin, bir tərəfdən müasir dünyanın çağırışlarına, digər tərəfdən ölkənin strateji inkişafı baxımından elmin üzərinə düşən vəzifələrin icrasına vaxtında və adekvat cavab verə bilsin. Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi ideyası məhz belə bir zərurətdən meydana gəlmişdir.

 

Onu da qeyd etmək istərdim ki, qurultayı səciyyələndirən əsas cəhətlərdən biri də burada dövlət qurumları ilə yanaşı, elmin kommersiyalaşdırılması və populyarlaşdırılması üçün perspektivlər yaradan biznes və vətəndaş cəmiyyəti sektorlarında fəaliyyət göstərən qurumların nümayəndələrinin də iştirakı idi. Bu sahələrdə fəaliyyət göstərən qurumların da tədbirə cəlb edilməsi Azərbaycan elminin ağırlığının yalnız dövlət sektorunun çiynində deyil, eyni zamanda biznes və vətəndaş cəmiyyəti sektorlarının da üzərində olmasını göstərir. Ölkədə biliklər cəmiyyətinin təşəkkülü, biznesin intellektuallaşdırılması, elmin kommersiyalaşdırılması, innovativ və biliklər iqtisadiyyatının formalaşdırılması Azərbaycan alimlərinin I Qurultayının əsas məqsədlərindən biri idi.

 

Çox əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev quгultaya təbrik ünvanladı. Bu, Azərbaycan elminə dəstək olmaqla yanaşı, eyni zamanda alimlərin üzərinə də xüsusi məsuliyyət qoyur.

 

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qurultaya təbrik məktubu ünvanlaması dövlət siyasətində elmin prioritet istiqamət olduğunu bir daha təsdiq edir. Cənab prezident təbrik məktubunda qurultay iştirakçılarına müraciətlə qeyd etmişdir ki, iqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir. Bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaqdır.

 

Cənab Prezidentin Azərbaycan alimlərinə ünvanladığı bu məktubda deyilənlər Azərbaycan elminin inkişaf perspektivlərini müəyyənləşdirən strateji müddəalardır.

 

- Qurultayda bir sıra məruzə və çıxışlar dinlənildi. Burada aparıcı istiqamət kimi hansı prioritetlər və çağırışlar vurğulandı?

 

- İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri”, Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun “İnnovativ inkişaf: müasir baxışlar” və təhsil naziri Mikayıl Cabbarovun “Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında” adlı üç əsas məruzə dinlənildi.

 

Mən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin həm müasir dünyanın çağırışları, həm də ölkənin sosial-iqtisadi inkişafı baxımından Azərbaycan elminin yeni doktrinasının əsas postulatlarını özündə əks etdirən məruzə üzərində xüsusi dayanmaq istərdim.

 

Akademik Akif Əlizadə ölkə başçısının “Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir!” çağırışını Azərbaycan elminin yaxın perspektiv üçün strateji hədəfi olduğunu bildirərək bu hədəfə çatmaq üçün Azərbaycan alimləri qarşısında konkret vəzifələr irəli sürdü. Akademik Akif Əlizadə qeyd etdi ki, Azərbaycan elmi bəzi obyektiv və subyektiv problemlərlə xarakterizə olunan mərhələni arxada qoyaraq islahatlarla müşayiət olunan yeni inkişaf yoluna qədəm qoymuşdur. Təqdirəlayiq haldır ki, Azərbaycan elmində müşahidə olunan müsbət tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks olunan konkret rəqəmlərlə təsdiq olunur.

 

Akademiyanın prezidenti dünyanın müxtəlif ölkələrindən gəlmiş əslən azərbaycanlı alimlərə üzünü tutaraq bildirdi ki, bizdə olan məlumata görə, ümumiyyətlə, xaricdə 500-dən artıq azərbaycanlı alim çalışır. Bu, böyük qüvvədir. Həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən alimlər dövlətimizin, xalqımızın maraqları, onun intellektual potensialının inkişafı naminə öz qüvvələrini səfərbər etməlidirlər.

 

Çox təqdirəlayiq haldır ki, Azərbaycanda elmin inkişafına məsul bir şəxs olaraq akademik Akif Əlizadə elmi fəaliyyət sahəsindəki həllini gözləyən bir sıra problemlərdən də bəhs etdi. Onların həlli üçün konkret təkliflər irəli sürdü. O qeyd etdi ki, Azərbaycan elmi qarşısında o qədər də sadə vəzifələr durmur və onların həlli bütün elmi ictimaiyyətin sistemli və enerjili gücünü tələb edir. Azərbaycanın mənafeyi naminə elmi idarəetmənin bütün halqaları əlbir və təşkilatlanmış bir qüvvə kimi sinxron işə keçməlidir. Bu, AMEA-nı ölkənin aparıcı intellektual mərkəzinə və dövlət elmi-texniki siyasətinin ayrılmaz elementinə çevirməyə imkan verər.

 

Mən eyni zamanda qurultayın əsas məruzəçilərindən biri olan Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun elm və təhsilin inteqrasiyasının bəzi problemləri ilə bağlı çıxışını da qeyd etmək istərdim. Nazir bildirdi ki, bu gün qarşımızda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. O qeyd etdi ki, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin də müəyyənləşdirilməsi vacib məsələlərdəndir. Ali təhsil müəssisələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının axtarılıb tapılması ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.

 

Təbii ki, elm və təhsil bir bütövün tərkib hissələridir. Odur ki, elmi təhsilsiz, təhsili isə elmsiz təsəvvür etmək qeyri-mümkündür. Qurultayda Təhsil Nazirliyi ilə AMEA arasında qarşılıqlı əməkdaşlığın perspektivləri barədə də müəyyən müzakirələr aparıldı.

 

- Rasim müəllim, məlum olduğu kimi, Azərbaycan alimlərinin I Qurultayı İKT-nin geniş tətbiqi ilə bağlı öz formatının yeniliyi ilə də əvvəlki tədbirlərdən əsaslı olaraq fərqlənirdi. Bu barədə nə deyə bilərsiniz?

 

- Tamamilə doğrudur. Qurultayda müzakirə olunan məsələlərin ümummilli əhəmiyyətli olduğunu nəzərə alaraq, xüsusən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bu məsələlərdən xəbərdar olmaları üçün tədbirin internet üzərindən canlı yayımı da təşkil edildi. Belə ki, qurultay həm fiziki, həm də virtual formada keçirildi. Yəni qurultayda canlı iştirak edənlərlə yanaşı, virtual iştirak etmək imkanı da yaradıldı. Çoxsaylı virtual iştirakçılarla qurulmuş əks əlaqə və xaricdən qurultaya ünvanlanmış müraciətlər onu göstərdi ki, tədbirimiz ölkədən kənarda fəaliyyət göstərən vətəndaşlar tərəfindən də çox böyük maraqla izlənilmişdir.

 

- Yəqin virtual çıxışları və qurultaya ünvanlanan təbrikləri, müraciətləri də xüsusi qeyd etmək lazımdır.

 

- Əlbəttə. Qurultayda dünyanın müxtəlif elmi mərkəzləri və nüfuzlu universitetlərində çalışan əslən azərbaycanlı alimlər virtual olaraq iştirak etdilər. Onlardan dünya şöhrətli, professor Lütfi Zadəni xüsusilə qeyd etmək istərdim. O qeyd etdi ki, Azərbaycan iki xüsusiyyətə malik olmaqla çox şanslıdır. Birinci, savadlı və uzaqgörən rəhbərlik, bacarıqlı insanlar və təbii ehtiyatlar - xüsusilə neft və qaz. Bu sərvət Azərbaycanı çoxlu təşəbbüslər irəli sürməyə sövq edib. Bunlardan biri 2013-cü ilin elm, informasiya texnologiyaları ili elan olunmasıdır. Kosmosa çıxış, Yay Avropa Oyunları, “Avroviziya” və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıtdırır. Dünya şöhrətli alimin bu qiyməti müasir Azərbaycanın düzgün strateji inkişaf yolunda olduğunu, bu inkişafda elmin, intellektin həlledici rol oynadığını bir daha təsdiq edir. Həmçinin qeyd etmək istərdim ki, dünya şöhrətli alimin Azərbaycana belə doğma münasibəti onu göstərir ki, o, bir azərbaycanlı kimi doğma vətənində gedən prosesləri həssaslıqla izləyir, özünü Azərbaycan elminin ayrılmaz bir hissəsi hesab edir.

 

- Qurultayın əsas təşkilatçılarından olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə AMEA arasında əməkdaşlıq perspektivləri haqqında nə deyə bilərsiniz?

 

- Son illər ölkə rəhbərliyinin qayğısı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müxtəlif sosial-iqtisadi sferalarında İKT geniş tətbiq olunur və ölkəmizdə müvəffəqiyyətlə informasiya cəmiyyəti formalaşır, İKT infrastrukturunun genişləndirilməsi və sürətli inkişafı nəticəsində cəmiyyətin müxtəlif sferaları üzrə elektron hökumət, elektron təhsil və s. kimi virtual mühitlər təşəkkül tapır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan İKT sahəsində regionun lider dövlətinə çevrilmişdir. Qurultayda akademik Əli Abbasov da qeyd etdi ki, Azərbaycan Ümumdünya İqtisadi Forumun hesabatlarına görə son 10 ildə dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına daxil olmuş, iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri, İKT-nin inkişafına görə 49-cu yeri, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı yeri tutur.

 

Bütün bu nailiyyətlərlə yanaşı, ölkə üzrə şəbəkə infrastrukturunun formalaşdırılması, elmi informasiya resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya, alimlərin böyük hesablama və yaddaş resurslarına olan tələbatlarının ödənilməsi, nəticə etibarı ilə rəqəmsal fərqin aradan qaldırılması və s. kimi istiqamətlər üzrə həyata keçirilməsi zəruri olan bir sıra tədbirlər vardır. Bu tədbirlərin böyük əksəriyyəti elmi yanaşma tələb etdiyindən onların reallaşdırılması AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşılıqlı əməkdaşlığını tələb edir.

 

Qurultayda elmi fəaliyyətdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi, “Elmin informasiyalaşdırılması haqqında dövlət proqramı”nın qəbul edilməsi, elmi resursların informasiyalaşdırılması və internet mühitdə yayılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətləri üzrə hər iki qurum arasında əməkdaşlığın daha da gücləndirilməsi qərara alındı.

 

Qurultayda əsas məruzə ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov qeyd etdi ki, qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.

 

Bütün bunlar AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında gələcək əməkdaşlıqla bağlı perspektivlər açır.

 

- Qurultaydakı müzakirələrin nəticəsi olaraq rəsmi bir sənəd qəbul olundumu?

 

- Qurultayda aparılan müzakirələrin nəticəsi olaraq, həm əsas məruzələrdə səslənən fikirləri, həm müxtəlif çıxışlarda irəli sürülən təklifləri özündə ümumiləşdirən “Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi” qəbul olundu. Bəyannamədə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında aparılan elmi araşdırmalarda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarından irəli gələn vəzifələrin rəhbər tutulması, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsi, elm və təhsilin vahid sosial institut kimi inteqrasiyasına nail olunması kimi mühüm məsələlər öz əksini tapmışdır. Həmçinin, İKT-nin geniş tətbiq olunması, intellektual gəncliyin formalaşdırılması, elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi, fundamental elmi araşdırmalarda multidissiplinar yanaşmanın prioritet fəaliyyət istiqaməti olaraq qəbul edilməsi, elmin populyarlaşdırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi və s. məsələlər də Bəyannamənin əsas müddəalarını təşkil edir.

 

- Rasim müəllim, maraqlı müsahibə üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

 

- Təşəkkür edirəm. Fürsətdən istifadə edərək qurultayın Təşkilat komitəsi və Azərbaycan elmi ictimaiyyəti adından 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bütün dünya azərbaycanlılarını təbrik edir, Azərbaycan naminə onları həmrəyliyə dəvət edirəm.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024