I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisində İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub 2014-12-25 16:24:40 / KONFRANSLAR

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanası – İnformasiya Resursları Mərkəzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsiİqtisadiyyat və Sənaye NazirliyiMüəllif Hüquqları Agentliyi və AMEA-nın birgə təşkilatçılığı ilə I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi öz işinə başladı.

 

İki gün davam edəcək sərgidə AMEA-nın institut və təşkilatları, Milli Aviasiya Akademiyası, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutuYüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar ParkıMüdafiə Sənayesi NazirliyiFövqəladə Hallar Nazirliyi“ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Bakı Dövlət UniversitetiQafqaz Universiteti, AR Dövlət Neft Şirkəti və digər təşkilatlar, patent almış ixtiraçılar, sənaye sahəsində fəaliyyət göstərən özəl sektor nümayəndələri öz sərgi pavilyonları ilə təmsil olunurlar.

 

Tədbirin açılış mərasimində çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sərginin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na müvafiq olaraq həyata keçirildiyini söylədi. R.Həsənov ölkəmizdə yerli sənaye və ticarətin dinamik inkişafı nəticəsində iqtisadiyyatda əqli mülkiyyətin rolunun getdikcə artdığını, iqtisadi effektivliyə malik, müasir texnologiyalar və insan kapitalına əsaslanan iqtisadiyyatın daha sürətli inkişafa xidmət etdiyini vurğuladı. İqtisadi tərəqqi naminə, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiya, yanaşma və ixtiraların tətbiqinin vacibliyini önə çəkdi.  

 

Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə tədbirin əhəmiyyətindən danışdı. Əqli mülkiyyət və innovasiyaya həsr olunmuş sərginin Azərbaycanda ilk dəfə keçirildiyini diqqətə çatdıran alim bildirdi ki, bu gün Azərbaycan elm, mədəniyyət, təhsil və digər sahələrdə innovativ istiqamətdə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanda bu kimi sərgilərin təşkili biznes və elm, biznes və təhsilin inteqrasiyasına təsir göstərəcək. Alim bu istiqamətlərdə birgə əməkdaşlıq əlaqələrinin qurulmasının önəmliyini vurğuladı.

 

Açılış mərasimində iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da çıxış edərək sərgini sənayenin sürətli inkişafı istiqamətində mühüm faktor kimi qiymətləndirdilər.

 

Sərgidə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətlərini əks etdirən stend nümayiş etdirildi.

 

Stendlə yaxından tanış olan tədbir iştirakçılarına institutda aparılan elmi-tədqiqat, elmi-innovasiya işlərinin nəticələrini əks etdirən əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verildi. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024