Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında AR Prezidentinin Fərmanı 2018-09-05 17:35:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikasında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır.

Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (bundan sonra – MEİS) yaradılsın.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının (bundan sonra – Portal) üç ay müddətində yaradılmasını təmin etsin;

2.2. məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;

2.3. Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;

2.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində:

2.4.1. MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.2. Portal haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.3. pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. bu Fərmandan irəli gələn digər tədbirləri görsün.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onlarla digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin “elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Portalın və bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2018-ci il.

president.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024