Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlər işlənilib 2014-12-17 09:10:44 / KONFRANSLAR

Dekabrın 12-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi.

 

Dissertasiya Şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, sədr müavini isə texnika elmləri doktoru, professor Ələkbər Əliyev idi.

 

Öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 

Sonra çıxış edən Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddialı olan Rəna Tofiq qızı Qasımovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

 

Dissertasiya Şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işindəki sənədlər ilə bağlı ətraflı məlumat verdi. Qeyd etdi ki, R.Qasımova 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Elektron hesablama maşınları” ixtisasını bitirmişdir. Hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsində işləyir.

 

Daha sonra R.Qasımova “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi. Bildirdi ki, işin əsas məqsədi virtual məkanda Azərbaycanın milli və mənəvi dəyərlərinin qorunması, domen bazarının tənzimlənməsi, domen adlarının müxtəlif təhdidlərdən qorunması üçün domen sahiblərinin məqsədlərinin avtomatik aşkarlanması məqsədilə qərarların qəbul edilməsini dəstəkləyən intellektual monitorinq sisteminin sintezi metodları və alqoritmlərinin işlənməsidir.

 

Dissertasiya işində iddiaçı domen adlarının düzgün istifadəsi və qorunması sahəsində yaranan nöqsanları, domen adlarında əmtəə və xidmət nişanına olan hüquqların qorunmasındakı problemləri, milli domen adları sahəsində real vəziyyətin monitorinqinin aparılmasındakı çətinlikləri və s. tədqiqatın aktuallığını xarakterizə edən amillər olduğunu diqqətə çatdırdı.

 

Qeyd etdi ki, tədqiqat nəticəsində İnternet şəbəkəsində domen adlarının müasir vəziyyəti araşdırılmış, domen zonalarının müqayisəli təhlili aparılmış və bu sahədə mövcud olan problemlər müəyyənləşdirilmiş, milli domen adlarının intellektual monitorinqi sisteminin konseptual modeli, domen adlarının qeydiyyat verilənlərinin ilkin emalı üçün alqoritm işlənmişdir. Həmçinin, domen adlarının qeydiyyat verilənlərinin identifikasiyası üçün metod təklif olunmuş, domen adları qeydiyyat məlumatlarının intellektual analizi üçün metod işlənmişdir.

 

Dissertasiya işi üzrə elmi rəhbər, akademik R.Əliquliyev bildirdi ki, müasir dövrdə Azərbaycanın maraqlarını tək real məkanda deyil, virtual məkanda da qorumaq zərurəti yaranmışdır. Bu baxımdan dissertasiya işi mühüm əhəmiyyət kəsb edir. Son illər yüksək səviyyəli domenlərin kütləvi meydana gəlməsi və çox sürətlə artımı, eyni zamanda korporativ informasiya sistemləri, veb saytlar, portalların yaradılması, domen adları sahəsində bir çox problemlərin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının maraqları ilə bağlı milli domen adlarının real vəziyyəti onu göstərir ki, bəzi coğrafi adları, tarixi, mədəni və digər dəyərləri özündə əks etdirən milli domen adları xarici ölkələrdə yaşayan vətəndaşlar tərəfindən müxtəlif məqsədlər üçün qeydiyyatdan keçirilir.

 

Bu səbəblərdən Azərbaycan Respublikasının maraqları ilə bağlı böyük həcmə malik milli domen adlarını intellektual analiz edərək, onlarla bağlı vəziyyəti qiymətləndirmək və strateji qərarlar qəbul etmək aktual məsələ kimi qarşıya çıxır.

 

Domen adları sisteminin serverlərində yığılan domen adları haqqında informasiya resurslarının elmi-analitik təhlilinin aparılmasının zəruriliyini diqqətə çatdıran R.Əliquliyev bu məlumatlardan səmərəli istifadə etmək üçün milli domen adlarının intellektual mionitorinqi sisteminin yaradılmasına ehtiyac yarandığını söylədi.

 

Bildirdi ki, dissertasiya işində ilk dəfə olaraq DNS serverlərdəki qeydiyyat məlumatlarının intellektual analizinə imkan verən metod və alqoritmlər işlənmişdir.

 

Sonra iddiaçı Dissertasiya Şurası üzvlərinin suallarını cavablandırdı, dissertasiya işinə dair rəylər nəzərə çatdırıldı.

 

Rəsmi opponentlər texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova çıxış edərək dissertasiya işinin əhəmiyyətini vurğuladılar.

 

Dissertasiya işi ilə bağlı çıxış edən texnika elmləri doktoru Nadir Ağayev, texnika üzrə fəlsəfə doktorları Rəşid ƏləkbərovQəzənfər Orucov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər.

 

İddiaçının yekun çıxışı dinlənildikdən sonra gizli səsvermə keçirildi və Dissertasiya Şurasının üzvləri tərəfindən Rəna Qasımovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024