AMEA-nın elmi müəssisə və təşkilatlarından “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülmüş 13 gənc alim, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun namizədi, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova elmi fəaliyyətdə fərqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Fərmanlar gənc alimlərə AMEA Rəyasət Heyətinin dekabrın 10-da keçirilmiş iclasında təqdim olunub.
Qeyd edək ki, N.İsmayılova hazırda institutun E-kitabxana Mərkəzinin nəzdindəki Bibliometriya sektoruna rəhbərlik edir. O, həmçinin bibliometriyanın təkamülü, müasir problemləri, həll perspektivləri, Azərbaycanda və dünyada müxtəlif istiqamətlərdə aparılan elmi-tədqiqatların bibliometrik analizi, elmin bibliometrik xəritələrinin tərtib olunması, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə bibliometrik üsulların intellektuallığının artırılması, sosial şəbəkələrdə fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır.