Yeni texnologiya elektromobili 10 dəqiqəyə enerji ilə dolduracaq 2018-07-19 11:50:00 / TEXNOLOJİ YENİLİKLƏR

İsrailin “Chakratec” startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma stansiyasını təqdim edib.

ria.ru saytının məlumatına görə, İsrail startapı “General Motors” şirkəti tərəfindən 2023-cü ilədək 20 elektromobil modelinin satışa çıxarılması üçün cəlb olunub.

Bildirilir ki, hazırda istənilən elektromobil istehsalçısı üçün əsas problemlərdən biri enerjinin doldurulması üçün tələb olunan vaxtdan ibarətdir. Hətta ən yaxşı enerjidoldurma məntəqələrində batareyanı doldurmaq üçün minimum 40 dəqiqə lazımdır. Bu, yanacaqdoldurma məntəqəsində 5 dəqiqə sərf etməyə adət edən sürücülər üçün çox uzun vaxt hesab olunur.

“Chakratec” startapının baş direktoru İlan Ben-David bildirib ki, şirkətin hazırladığı yeni texnologiya bütün müasir elektromobillər üçün uyğundur və ondan adi yanacaqdoldurma məntəqələri də istifadə edə bilər. Bunun üçün orada kinetik enerjini elektrikə çevirən nazim çarxlı “Chakratec” enerjidoldurma stansiyalarının quraşdırılması tələb edilir.

“Hazırkı akkumulyatorlar ekoloji cəhətdən təmiz deyil və telefon və ya noutbuk batareyaları kimi tez sıradan çıxırlar. “Chakratec” texnologiyası əsasında enerjidoldurma stansiyası, əksinə, 20 ilədək işləyəcək və istismarı bir neçə dəfə ucuz olacaq”, – deyə baş direktor qeyd edib.

İsrail startapı artıq Avropada xidmətlər göstərməyə başlayıb.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024