Cinayətkarlıqla mübarizə üçün bitkoin sahiblərinin bazası yaradılacaq 2018-04-30 10:58:00 / MARAQLI MƏLUMATLAR

Bitkoinin anonimliyi və onun idarə olunması ilə bağlı çətinliklər bir çox ölkələrin hökumətlərini təşvişə salır. Bununla yanaşı, Avropa Parlamentinin deputatları da kriptovalyutanın köməyi ilə terrorizmin maliyyələşdirilməsi və ya pulların yuyulması ehtimalından narahatdırlar. Avropa Birliyinin deputatları mürəkkəb kriptovalyuta proseslərini nəzarət altında saxlamaq üçün bitkoin istifadəçilərinin vahid reyestrini yaratmağı təklif ediblər. Güman olunur ki, bu addım yuxarıda qeyd olunan problemləri qismən həll edə bilər.

hi-news.ru saytının sözlərinə görə, bu siyahı nə vaxtsa elektron birja xidmətlərindən istifadə edənlərdən və ya ona sərmayə qoyan şəxslərdən ibarət olacaq. Bundan başqa, kriptobirjalar üçün sərt idarəetmə çərçivələrinin daxil olunması təklif edilib. Bildirilir ki, birjalar müstəqil olaraq bütün şübhəli pul köçürmələri haqqında müvafiq yerlərə məlumat verə bilərlər.

İdarəetmənin sadələşdirilməsi məqsədilə hər pul kisəsi üçün müəyyən insana aid olan universal identifikatorun daxil edilməsi təklif edilir. Bununla məlumat bazasına giriş imkanına malik olan orqanlar kibercinayətkarlıqla daha effektiv mübarizə apararaq operativ informasiya əldə edə biləcəklər.

Qeyd edək ki, bir çox ölkələrdə kriptovalyutanın statusu hələ ki, müəyyən olunmayıb.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024