Yeni proqram JavaScript-də proqramlaşdırmağı öyrədəcək 2018-04-27 10:47:00 / TEXNOLOJİ YENİLİKLƏR

Hazırda proqramçıların 70 faizi öz işində JavaScript-dən istifadə edir. Buna görə də proqramlaşdırmanın əsaslarının öyrənilməsinə məhz bu proqramlaşdırma dilindən başlamaq tövsiyə edilir. “Google”un daxili inkubatoru “Area 120” bu məqsədlə “Grasshopper” proqramını istifadəyə verib.

techcult.ru saytının məlumatına görə, uğurla sınaqdan keçirilmiş ideya olduqca sadədir. Proqram istifadəçiyə mini oyunlar oynamağı və bilməcələri həll etməyi təklif edərək, proqramçı kimi düşünməyi öyrədir. İstifadəçi dərsləri ardıcıllıqla öyrəndikcə onun qarşısında daha mürəkkəb məsələlər qoyulur.

Proqram hər bir dərsdə yeni əmrlər və alətlərin tətbiqinin xüsusiyyətlərini aydınlaşdırır, sonra onlardan istifadə üçün bir neçə məsələ yaradır. Məsələn, hədəf Fransanın bayrağını – müxtəlif rənglərdə üç bərabər sahənin təsvirini çəkməkdir. İstifadəçiyə son nəticə göstərilir və redaktor işə salınır ki, burada tapşırığı yerinə yetirmək üçün kod bloklarını manipulyasiya etmək lazımdır.

Proqramda, həmçinin mürəkkəb sistemlər, animasiya və D3 kitabxanasının (məlumatların emalı və vizualizasiyası üçün JavaScript kitabxanası) mənimsənilməsi ilə bağlı dərslər təqdim edilir. İstifadəçinin irəliləməsi qeydə alınır, onun həvəsləndirilməsi üçün reytinq cədvəlində tutduğu yer göstərilir. Gələcəkdə dərslərin miqdarı və çətinlik səviyyəsinin artırılacağı bildirilib.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024