Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federal Məclisə müraciət edərək əcnəbi alim və mütəxəssislərin (o cümlədən informasiya texnologiyaları sahəsində çalışanların) ölkəsində fəaliyyəti üçün operativ şəkildə hüquqi bazanın formalaşdırılmasını təklif edib.
ras.ru saytının məlumatına görə, V.Putin qeyd edib ki, xarici ölkələrdən daha çox istedadlı tələbələrin Rusiyaya təhsil almağa gəlməsi üçün şərait yaradılmalıdır. Belə ki, Putin onların öz təhsillərini başa vurduqdan sonra Rusiyada vətəndaşlıq ala bilmələri üçün bu prosesi asanlaşdırmağı da təklif edib.
Prezidentin sözlərinə görə, Rusiya yüksək texnoloji şirkətləri dəstəkləməli, startapların inkişafı üçün əlverişli şərait yaratmalı, eyni zamanda robot texnikası və süni intellektin inkişafı üçün maneələri dəf etməlidir.
“Biz qısa müddət ərzində qabaqcıl qanunvericilik bazasını yaratmalı, robot texnikası, süni intellekt, pilotsuz nəqliyyat, elektron ticarət və böyük verilənlərin emalı texnologiyalarının geniş tətbiqi və işlənilməsi üçün bütün maneələri aşmalıyıq”. O həmçinin əlavə edib ki, müvafiq normativ baza daimi olaraq yenilənməlidir.