Kanadanın “Cleo Robotics” şirkəti yığcam ölçüləri ilə seçilən və adi həvəskar kvadrokopterlərlə rəqabət apara biləcək qeyri-adi dron hazırlayıb.
hitech.newsru.com saytının məlumatına görə, “Cleo” adlı pilotsuz uçan aparat xarici görünüşünə görə ponçiki xatırladır və ölçüsünə görə onunla uyğunluq təşkil edir. Dronun dairəvi korpusunun daxilində istifadəçinin barmaqları ilə təmasdan plastik barmaqlıqlarla mühafizə edilən iki pər yerləşir. Daxili batareya isə qurğunun prototipini 12-15 dəqiqə avtonom uçuşla təmin edir.
Dron “HD” formatlı videoçəkilişə imkan verən daxili kamera ilə təchiz olunub. Uçuşun idarə olunması üçün smartfon üçün mobil proqramdan istifadə edilir. İstehsalçılar gələcəkdə dronu maneələrlə toqquşmadan yayınma və binalar daxilində naviqasiya sistemləri ilə təchiz etməyi düşünürlər.
Pilotsuz uçan aparatın satışa çıxarılma tarixi barədə məlumat verilmir. İstehsalçılar ümid edirlər ki, qurğuya təkcə həvəskarlar deyil, təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər də maraq göstərəcəklər.