Yaponiyalı alimlər real vaxt rejimində insanın sağlamlıq vəziyyətinin parametrlərini nümayiş etdirə bilən “elektron dəri” yaradıblar. Qurğu kiçik elektrod və elektrokardioqramın əks olunduğu nazik elastik örtükdən ibarətdir. Məlumatlar smartfona ötürülə və ya buludda saxlanıla bilər. Möhkəm və sürtünməyə davamlı olan örtük zədələnmədən uzunluğunun 45 faizi qədər dartıla bilər.
nanonewsnet.ru saytının məlumatına görə, “elektron dəri” ürəyin fəaliyyətini izləyən mövcud qurğulardan istifadə edə bilməyən yaşlı insanlara kömək edəcək. Qurğunun digər üstünlüyü monitorinqin nəticələrinin hər kəsin görə biləcəyi yerdə (məsələn, əlin üzərində) əks oluna bilməsidir. Bunun sayəsində ətrafdakı insanlar şüurunu itirmiş şəxsə nə olduğunu və ona necə kömək etməli olduqlarını anlayacaqlar.
İstehsalçılar qurğunu növbəti 3 il ərzində satışa çıxarmağı planlaşdırırlar. Bunun üçün çipi daha etibarlı etmək və örtüyün sahəsini artırmaq lazımdır.