AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında 6 saylı şöbənin cari il üzrə hesabatı dinlənildi.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, beynəlxalq konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.
B.Ağayev öncə yerinə yetirilmiş elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, cari ildə şöbədə audioinformasiya texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətləri üzrə tədqiqatlar aparılmışdır.
Şöbə müdiri Azərbaycanda e-tullantıların idarə edilməsi problemlərinin həlli vəziyyətinin monitorinqinin aparıldığını, problemin qanunvericilik, texniki-texnoloji, iqtisadi və s. aspektlərinin müasir vəziyyətinin müəyyənləşdirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, hesabat ilində e-tullantıların selektiv yığımı və emalı problemləri araşdırılmış, Avropa İttifaqı ölkələrinin təcrübəsinin Azərbaycanda tətbiqi məqsədilə təkliflər işlənmişdir.
Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində SOCAR-ın Elm fondunun qrant layihəsi üzrə “Neft-qaz sahələrinin operativ-dispetçer idarəetmə kompleksləri üçün dispetçer danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sisteminin işlənməsi” mövzusu üzrə tədqiqatlar aparıldığını diqqətə çatdırdı.
Onun sözlərinə görə, aparılan elmi-tədqiqat və elmi-innovasiya işləri üzrə konfranslarda məruzələr edilmiş, problemlər ətrafında şöbədaxili seminarlar keçirilmiş, beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat əlaqələri qurulmuşdur.
Məruzə ətrafında müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.