Noyabrın 25-də İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun 8 saylı şöbəsinin 2014-cü il üzrə hesabatı müzakirə olundu.
Hesabat məruzəsi ilə çıxış edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev cari ildə şöbədə aparılan elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyəti və s. haqqında məlumat verdi. Qeyd etdi ki, elmi-tədqiqat fəaliyyəti çərçivəsində informasiya iqtisadiyyatının formalaşması və inkişafı ilə əlaqədar mövcud yanaşmalar müqayisəli şəkildə təhlil olunmuş, sistemləşdirilmiş, informasiya iqtisadiyyatının tədqiqi üçün yeni struktur təklif olunmuşdur.
Ə.Əliyev informasiya və biliklər iqtisadiyyatının regional formalaşması sahəsində mövcud vəziyyət, inkişaf tendensiyaları və problemlərin təhlili ilə bağlı ABŞ, İsrail, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan və s. ölkələrin təcrübəsinin də nəzərdən keçirildiyini bildirdi. Onun sözlərinə görə, informasiya iqtisadiyyatının inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə müxtəlif indikatorlar sistemi təhlil olunmuş və onların işlənilməsi ilə bağlı əsas metodoloji yanaşmalar nəzərdən keçirilmişdir. İndikatorlar sisteminin yaradılması mərhələləri və onlara qoyulan tələblər, həmçinin indikatorlar sistemi ilə bağlı çatışmazlıqların təhlili əsasında yeni indikatorlar sisteminin ilkin tərkibi formalaşdırılmışdır.
Hesabat ilində İKT sferasında iqtisadi artım modelləri vasitəsilə investisiyaların optimal idarə olunması prosesinin modelləşdirildiyini söyləyən Ə.Əliyev bildirdi ki, iqtisadiyyatın hər bir sektorunda investisiyanın iqtisadi artıma təsiri qiymətləndirilimişdir.
Elmi-innovasiya fəaliyyəti haqqında məlumat verən məruzəçi innovativ mühitin və innovasiya proseslərinin müxtəlif fəaliyyət sferalarına görə araşdırıldığını və onların ümumiləşdirilmiş klassifikasiya əlamətlərinin işlənildiyini vurğuladı. Qeyd etdi ki, elektron innovasiya anlayışının yeni məzmunu və tərkibi ilə bağlı bəzi təhlillər aparılmış, innovasiya prosesinin mərhələ və xüsusiyyətlərinin klassifikasiyası verilmiş və innovativ proseslərə təsir edən amillər araşdırılmışdır.
Ə.Əliyev hesabat ili ərzində, İnternet-coğrafiyanın mövcud vəziyyətinin təhlil olunduğunu və onun formalaşması problemlərinin də tədqiq olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, İKT-nin tətbiqinin və inkişafının coğrafi xüsusiyyətlərinin tədqiqi üzrə regional aspektdə İKT-yə informasiya sistemlərinə, informasiya resurslarına, İnternet xidmətlərinə olan tələbatın müəyyənləşdirilməsi və onların ödənilməsi prosesinin tətbiqi üzrə metodiki istiqamətlər təklif olunmuşdur.
Sonda hesabat ətrafında gedən müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəy və təkliflərini səsləndirdilər. Elmi şuranın qərarı ilə hesabat qənaətbəxş hesab olundu.