3D-printerləri vasitəsilə insanın daxili orqanlarını "çap" etmək mümkün olacaq 2014-11-28 17:45:40 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında çıxış edən institutun şöbə müdiri Şakir Mehdiyev 3D-printerlər haqqında məruzəsini təqdim edib. 3D printerlərin yaranma tarixindən danışan məruzəçi kompüterdə məmulatın 3D-modelini yaratmağa və qısa vaxt ərzində sifariş edilən parametrlərə cavab verən mükəmməl fiziki obyekt əldə etməyə imkan verən  bu qurğuların 1986-cı ildə  ixtira olunduğunu söyləyib. O, 3D-printerin iş prinsipi haqqında məlumat verərək üçölçülü çap zamanı ilkin material kimi qranulatlar və tozlardan istifadə edildiyini bildirib. Qeyd edib ki, printer vasitəsilə işçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır.

 

3D printerin tətbiq sahələrindən danışan məruzəçi bu printerlərdən tibb sahəsində kəllə-beyin travmaları zamanı zədələnmiş bölgənin modelinin hazırlanması, oynaq sümüklərində duzlaşmanın bərpası, diş problemləri və s. məqsədlərlə  istifadə olunduğunu dilə gətirib. Bildirib ki, gələcəkdə bu qurğuların istehsalçıları insanların daxili orqanlarını da "çap" etmək niyyətindədir.

 

O, həmçinin üçölçülü printerlərin memarlıq və inşaat, coğrafiya ilə yanaşı, təhsil sahəsində də tətbiq olunduğunu diqqətə çatdırıb: “Üçölçülü çap müxtəlif mexanizmlərin iş prinsipini modellər vasitəsilə  əyani şəkildə nümayiş etdirməyə imkan verəcək”.

 

Onun sözlərinə görə, bu printerlərin kəşfi insanlara zamana qənaət etməyə imkan versə də, fabrik və zavodların bağlanması ilə iş yerlərinin sayının azalmasına da səbəb ola bilər.

 

Sonra məruzəçi 2015-ci il fevral ayının 12-də 3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfransın Bakıda keçiriləcəyini diqqətə çatdırıb.

 

Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.  

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024