Uxan şəhərində yaşayan çinlilər artıq şəxsiyyəti təsdiqləyən sənədlərin əvəzinə smartfonda xüsusi proqramdan istifadə edə bilərlər. Beləliklə, Uxan Çinin smartfonlarda vətəndaşların elektron identifikasiyasının sınaqdan keçirildiyi ilk şəhər olub.
psm7.com saytının məlumatına görə, İctimai Təhlükəsizlik Bürosu tərəfindən hazırlanmış proqramda 8 sənəd yer alır: ID-kart, milli pasport, Honkonq və Makaoya girişə icazə, Çin vətəndaşının pasportu, Tayvana girişə icazə, ev təsərrüfatlarının qeydiyyatı, yaşamaq üçün icazə sənədi və sürücülük vəsiqəsi.
Uxana köçən vətəndaşlar yaşayış yerlərini birbaşa proqram vasitəsilə yenidən qeydiyyata ala bilərlər. Bürodan bildirilib ki, avqust ayında proqram vasitəsilə yenidən qeydiyyata alınma prosesindən artıq 42 min tələbə keçib.
Xidmətdən istifadə etməyə başlamaq üçün proqramda ID-nömrəni göstərmək və sifətin skan edilməsi prosesini keçmək lazımdır. Proqramdan, həmçinin sürücülük vəsiqəsi almaq üçün imtahanların verilməsi, mehmanxanada qeydiyyat və ya yaşayış komplekslərinə giriş zamanı istifadə etmək mümkün olacaq.