Bağlamaların evə çatdırılması ABŞ-da hər il daha da populyarlaşır. Müvafiq olaraq, oğurluq hallarının sayı da artır. “Kickstarter” platformasında bağlamaları oğrulardan qorumaq üçün nəzərdə tutulmuş və barkod skaneri ilə təchiz edilmiş “ağıllı” qıfıl üçün vəsait toplanması kampaniyasına start verilib.
hightech.fm saytının məlumatında bildirilir ki, bu “təhlükəsizlik sistemi”nin ideyası kifayət qədər sadədir: evin divarında asma qıfılla bağlanan taxta sandıq yerləşdirilir. Kuryer bağlamanı gətirdikdə qıfıla quraşdırılmış skanerə barkodu yaxınlaşdırır. “BoxLock” barkoddan informasiyanı oxuyur və İnternetə daxil olaraq, bağlamanın həmin şəxsə göndərildiyini və çatdırılmanın məhz həmin günə təyin edildiyini dəqiqləşdirir. Hər iki meyar uyğun gələrsə, qıfıl avtomatik açılır. Müştərinin mobil telefonuna bu haqda xəbərdarlıq göndərilir. Kuryer bağlamaları sandığa qoyaraq onu qıfılla bağlayır.
Hazırda sistem “Amazon”, “FedEx”, “UPS” və “USPS” çatdırılma xidmətlərinin proqramlarına uyğundur. Su keçirməyən qıfıl enerji yükləmədən 30 gün işləyir. “Ağıllı” qıfılı “Kickstarter”də 94 dollara əldə etmək olar. Qurğunun bazar qiyməti 129 dollar təşkil edəcək. Kampaniya kifayət qədər vəsait toplayarsa, qıfıl 2018-ci ilin yay aylarında satışa çıxarılacaq.