“Big Data” problemlərinin tədqiqi və analizi istiqamətində elmi-tədqiqat işləri aparılır 2014-11-28 17:05:34 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 1 saylı şöbənin cari il üzrə hesabatı dinlənildi.

 

Şöbənin layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.

 

M.Hacırəhimova öncə “Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri” istiqamətində aparılmış elmi-tədqiqat işlərini diqqətə çatdırdı. Bu istiqamətdə şöbədə “Big Data” problemlərinin tədqiqi və analizi üzrə araşdırmalar aparıldığını, böyük verilənlərin terminoloji aspektləri, mahiyyət və mənbələri, texnoloji aspektləri, imkanları, problemləri və mövcud yanaşmaların tədqiq olunduğunu söylədi. Qeyd etdi ki, şöbədə 3V konsepsiyası, böyük verilənlərin analizi və vizuallaşdırılması məsələləri araşdırılmış və tədqiqatların nəticəsi çap olunmuşdur.

 

Sonra o, informasiya resurslarının formalaşdırılması və yadda saxlanılması problemi üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin yekunlaşdırıldığını və işin müdafiə şurasına təqdim edildiyini bildirdi.

 

M.Hacırəhimova, həmçinin elmi-innovasiya işləri üzrə “E-elm” layihəsi çərçivəsində görülmüş işlər haqqında məlumat verdi, e-elm mühitində elmin idarə olunması, elm sahələrinin təsnifatlandırılması və digər  məsələlər üzrə görülmüş işlərdən danışdı. Bildirdi ki, bu məqsədlə YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının elm və texnologiya sahələrinin nomenklaturası, inkişaf etmiş ölkələrin milli təsnifatlandırma sistemləri araşdırılmışdır.

 

Məruzəçi aparılan elmi-tədqiqat və innovasiya işləri üzrə konfranslarda və КİV-də məruzələr edildiyini, problemlər ətrafında şöbədaxili seminarların keçirildiyini, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə əlaqədar görülmüş işləri diqqətə çatdırdı.

 

Məruzə ətrafında aparılmış müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev təklif və tövsiyələrini səsləndirdilər. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024