İnstitutda elmmetriya və e-elmin formalaşması problemləri araşdırılır 2014-11-28 16:58:56 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu gün keçirilmiş iclasında 3 saylı şöbənin 2014-cü il üçün hesabatı müzakirə olundu.

 

Şöbə müdiri Təhmasib Fətəliyev cari ildə görülmüş işlər və əldə olunmuş nəticələrlə əlaqədar təqdimatla çıxış etdi. Bildirdi ki, şöbənin fəaliyyəti “AR-də 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, AR-də “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycanın 2014–2020-ci illər üçün Milli Strategiyasında elmi fəaliyyətlə əlaqədar qarşıya qoyulmuş məsələlərin həllinə yönəlmişdir.

 

Elmi-tədqiqat işləri çərçivəsində görülmüş işlər haqqında məlumat verən məruzəçi şöbədə elmmetriyanın formalaşması və inkişafı və e-elmin formalaşması problemləri üzrə tədqiqalar aparıldığını diqqətə çatdırdı.

 

T.Fətəliyev, həmçinin qeyd etdi ki, şöbədə dissertasiya işlərinin ekspertizası və tədqiqatçının fəaliyyətinin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərinin işlənməsi istiqamətində araşdırmalar aparılmış, e-elmin yeni bir istiqaməti kimi səciyyələnən vətəndaş elminin təşəkkülü, perspektivləri araşdırılmış və vətəndaş elmi layihələrinin yaradılmasının konseptual məsələləri işlənmişdir.

 

O, Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli istiqamətində aparılan tədqiqatların respublikada həyata keçirilən “E-elm” proqramının əsas prioriret istiqaməti olan elmin informasiya təminatının formalaşdırılması məsələsi olduğunu qeyd etdi və tədqiqatın nəticələrini təqdim etdi.

 

Məruzəçi cari il ərzində şöbədə əldə olunmuş nəticələrin çap olunduğunu və elmi konfranslarda müzakirə olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, şöbədə 12 elmi seminar keçirilmiş, 3 elmi məqalə və 1 ekspress-informasiya hazırlanmış, şöbə əməkdaşları 7 beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda və KİV-də iştirak etmişlər.

 

Elmi-innovasiya fəaliyyəti çərcivəsində görülmüş işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə iki qrant layihəsi üzrə tədqiqatlar aparıldığını söylədi.

 

O, həmçinin beynəlxalq elmi əməkdaşlıq, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, kitabların və elektron nəşrin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği, reklam-marketinq işlərinin təşkili və elmi-təşkilati fəaliyyət bölmələri üzrə şöbədə görülmüş işlər haqqında məlumat verdi.

 

Müzakirələrdə şöbənin elmi-nəzəri fəaliyyəti və kadr potensialının gücləndirilməsi istiqamətlərində müvafiq tövsiyələr səsləndirildi. Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024