“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak İT sahəsində işləmək üçün vacib olan bacarıqların öyrədilməsi və texnologiyalar sənayesində məşğulluğun populyarlaşdırılması üçün “Woz U” onlayn təhsil proqramını istifadəyə verib.
hitech.vesti.ru saytının məlumatında bildirilir ki, layihənin əsas məqsədi elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət sahələrində karyeraya marağı artırmaqdır. Voznyakın sözlərinə görə, yeni startap zamanla bütün dünyada proqram təminatının hazırlanmasından kibertəhlükəsizliyə qədər ən müxtəlif sahələr üzrə kurslar təklif edən 30 təhsil mərkəzindən ibarət şəbəkəyə çevriləcək. Həmçinin şəxsi İT-şirkətini yaratmağı arzu edənlər üçün startap yaratmaq planlaşdırılır.
“İnsanlar texnologiyalar sahəsində karyeraya başlamağa qorxurlar, çünki onlar bu işin öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Mən onlara kömək etmək istəyirəm. Bütün həyatım boyu dünyanı texnologiyalar vasitəsilə inkişaf etdirmək üçün çalışmışam və həmişə təhsilə hörmətlə yanaşmışam. İndi “Woz U”nun istifadəyə verilməsinin vaxtıdır”, – deyə Stiv Voznyak bildirib.
“Woz U” kurslarının qiyməti haqqında informasiya hələ ki, rəsmi saytda yerləşdirilməyib. Lakin artıq bir neçə giriş kursunun təqdim edildiyi mobil proqram istifadəyə verilib.