ABŞ-ın Ohayo Universiteti və “Apple” şirkəti rəqəmsal təhsil sahəsində yeni təşəbbüs haqqında məlumat veriblər. “Digital Flagship University” adlı layihəyə cari tədris ilində start verilir. Universitetin prezidenti Maykl Dreykin sözlərinə görə, bu təşəbbüs tələbələrə müasir mobil bacarıqlarını inkişaf etdirməyə və gələcəkdə rəqabətli əmək bazarında müvəffəqiyyət qazanmağa imkan verəcək.
psm7.com saytının məlumatında bildirilir ki, layihə çərçivəsində təhsil müəssisəsində yeni “iOS Design Lab” fəaliyyətə başlayacaq. Laboratoriya tələbələr, müəllimlər və yerli sakinlər üçün açıq olacaq. Laboratoriyada texniki hazırlıq aparılacaq və “Apple Swift” proqramlaşdırma dilində proqram istehsalçılarının sertifikatlaşdırılması, həmçinin digər maarifləndirici proqramlar həyata keçiriləcək. Bundan əlavə, “Apple” universitetə yeni proqramlar hazırlamaqda kömək edəcək. 2018-ci ilin payızından başlayaraq, birinci kurs tələbələri “iPad Pro”, “Apple Pencil” və “Smart Keyboard” əldə edəcəklər.
“Apple” şirkətinin baş direktoru Tim Kuk da “Digital Flagship University” layihəsinin tələbələrə unikal imkanlar təqdim etdiyini bildirib. Ohayo ştatının sakinlərinin yeni “iOS Design Lab”a giriş imkanı əldə etdiklərinə görə şad olduğunu qeyd edib.