“Sosial şəbəkələrdə sağlam gənclik uğrunda” adlı layihə başa çatıb 2014-11-28 16:07:09 / KONFRANSLAR

Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Gənclər Fondununmaliyə dəstəyi ilə reallaşdırılan, bir ay davam edən “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihənin yekun tədbiri keçirilib. Layihənin keçirilməsində məqsəd gənclərin sosial şəbəkələrdən səmərəli və məqsədyönlü istifadəsi üçün maarifləndirmə işlərinin aparılmasıdır. Layihə çərçivəsində Kürdəmir, Göyçay, Gəncə və Bakının bir çox orta və ali məktəb şagirdləri və tələbələri ilə görüşlər keçirilib.

 

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Şahzadə Mədətova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib. Bildirib ki, bu gün insanların həyatında mühüm rol oynayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya təlabatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, qlobal İnternet mühitində, o cümlədən sosial şəbəkələrdə milli maraqların qorunmasında gənclərimizin də üzərinə mühüm vəzifə düşür.

 

Layihənin eksperti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov bu kimi layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişaf səviyyəsi, gənclərlə bağlı aparılan məqsədyönlü dövlət siyasəti bu layihələrin həyata keçirilməsinə, gənclərin öz potensialını, kreativ düşüncələrini reallaşdırmağa imkan verir. Layihənin yekunlarından danışan R.Mahmudov qeyd edib ki, bu tədbirlərdə həm gənclər, həm də təlimçilər böyük fayda əldə edə biliblər. Belə ki, gənclər sosial şəbəkələrin imkanları və problemləri ilə bağlı zəngin bilik əldə ediblər. Layihəni reallaşdıranlar isə bu istiqamətdə gələcək fəaliyyətləri üçün zəngin təcrübə, gənclərlə apardıqları disskussiyalar əsasında isə sosial şəbəklərlə bağlı elmi-tədqiqat üçün zəngin material əldə edə biliblər. 

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı, “Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarlı İnternetin, sosial şəbəkələrin üstünlükləri, faydaları, həmçinin neqativ təsirləri və təhlükələrindən danışıb. Qeyd edib ki, sosial şəbəkələr yeniyetmə və gənclərin bilik və informasiya əldə etmələri və onları paylaşmaları, tədris materialları əldə etmələri, xarici dilləri öyrənmələri, intellektual diskussiyalar aparmaları, pozitiv maraqlar ətrafında birləşmələri, asudə vaxtlarından səmərəli istifadə etmələri üçün mühüm imkanlar yaradır. Sosial şəbəklərdə informasiya təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, zərərli ideyaların yayılması kimi problemlərdən danışan O.Cabbarlı bildirib ki, yeniyetmə və gənclər bu cür problemlərdən, təhlükələrdən xəbərdar olmalı, onlardan qorunmağı bacarmalı, onlara qarşı mübarizə aparmağa qadir olmalıdırlar.

 

Müzakirələrdə iştirak edən AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Beynəlxalq Əlaqələr İdarəsinin şöbə müdiri Bünyamin Seyidov, AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) sədri, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun GAMŞ-nin sədr müavini Məmməd Həşimov və digərləri öz fikir və təkliflərini səsləndiriblər.

 

Sonda Ş.Mədətova layihəyə göstərilən maliyə dəstəyinə görə AR Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə, elmi dəstəyə görə İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə, həmçinin bu institutun GAMŞ-ə, təşkilati dəstək göstərən qurumlara və vəzifəli şəxslərə təşəkkürünü bildirib.

 

Sonda layihə çərçivəsində Kürdəmir, Göyçay, Gəncə və Bakının bir çox orta və ali məktəblərində keçirilmiş tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024