Ev üçün qurğu istehsalçısı “Nest Labs” kamera ilə təchiz edilmiş qapı zənginə “Google”un sifətin tanınması texnologiyasını əlavə edib. Bundan başqa, “Hello” dinamiklərlə təchiz edilib ki, bu da ona insanlarla “danışmağa” imkan verir.
futurist.ru saytının məlumatına görə, qurğu kimisə tanımazdan əvvəl istifadəçi əli ilə insanları qeyd etməli və onların adlarını söyləməlidir. “Ağıllı” qapı zəngi yad və ya tanış insanın yaxınlaşması barədə sahibinə xəbərdarlıq edə bilir. 2018-ci ilin ilk üç ayı ərzində satışa çıxarılacaq qurğunun qiyməti hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, “Google” şirkəti “Nest Labs”ı 2014-cü ildə 3,2 milyard dollara satın alıb. Şirkət internetə qoşulan termostatlar, tüstü sensorları və avtonom təhlükəsizlik kameraları istehsal edir.