Tez-tez insanlar robot texnikası və incəsənəti birləşdirməyə cəhd edirlər. Birmüddət öncə simfonik orkestr və əfsanəvi tenor Andrea Boçelli ilə bir səhnədə çıxış edən robot-dirijor haqqında məlumat verilmişdi. Bu yaxınlarda isə, bir az əvvəl ilk musiqi albomunu yazan sənaye robotlarının musiqi kollektivi təqdim olunub. Yeni Zelandiya musiqiçisi Naycel Stenfordun yaratdığı qrup “Automatica” adlanır.
hi-news.ru saytının məlumatına görə, Naycel öz studiyasında kompozisiyaları üçün müxtəlif vizuallaşdırmalar yaradaraq səs dalğaları və müxtəlif dinamikalarla tez-tez təcrübələr keçirir və onları “YouTube” kanalında yerləşdirirdi. Sonra isə o, alman şirkəti “Kuka Roboter”dən üç sənaye robotu alaraq öz yeni “metal dostlarının” köməyi ilə musiqini yaratmağa müvəffəq olub.
Avtomobillərin quraşdırılması və qaynaq işləri üçün istifadə olunan sənaye robotlarına musiqi alətlərində ifa etməyi öyrətmək üçün musiqiçi düzgün proqram təminatı əldə edib və proqramlaşdırmağı öyrənərək onları öz ehtiyacı üçün uyğunlaşdırmağı bacarıb. Bu işdə o, “Robot Animator” və “Maya 3D” proqram paketlərindən istifadə edib.
Qeyd edək ki, robotlar fortepiano, barabanlar, bas-gitara, sintezator və “DJ turntable” daxil olmaqla, beş müxtəlif alətdə ifa etməyi öyrəniblər.