İdeya hərəkət etməkdə çətinlik çəkən yaşlı insanlar və azhərəkətli insanların həyatını asanlaşdırmağı nəzərdə tutur.
“Panasonic” şirkəti bu günlərdə Almaniyanın paytaxtı Berlində keçirilən “IFA 2017” sərgisində olduqca maraqlı yeniliyi – avtomatlaşdırılmış soyuducunu təqdim edib.
Avtomatik hərəkət edən aqreqat səs komandalarına cavab vermək bacarığına malikdir. Məsələn, evin sakini soyuducunu yanına çağıra, lazım olan qida və ya içki məhsullarını götürə və qurğunu stasionar mövqeyinə geri göndərə biləcək.
3dnews.ru saytının məlumatına görə, qurğu sensor dəstiylə təchiz edilib ki, bu da hərəkət zamanı gözlənilmədən yaranan maneələr, əşya və ya ev heyvanları ilə toqquşmanın qarşısını almağa kömək edir.
Robot-soyuducu hələ ki, yalnız prototip şəklində mövcuddur. “Panasonic”in mütəxəssisləri avtomatik hərəkət edən aqreqatın müxtəlif variantlarının hazırlanması üzərində çalışırlar. Qidanın tez bir zamanda isidilməsi üçün korpusun yuxarı hissəsinə qızdırıcı panelin inteqrasiya edilməsi də şirkətin gələcək üçün nəzərdə tutduğu yeniliklərdəndir.
IFA 2017 sərgisi çərçivəsində Panasonic-in mətbəx zonasında, həmçinin qril və buxarlı yeni invertor mikrodalğalı soba, güclü blender, MK-F800 mətbəx kombaynı və digər yeniliklər təqdim edilib.
Yeni texnikaların satışa çıxarılma tarixi isə hələ ki, bəlli deyil.