Azərbaycan Kimya jurnalının veb-saytının təqdimatı keçirildi 2017-06-29 11:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Kimya jurnalının yeni yaradılmış akj.az veb-saytının təqdimatı keçirildi. Mərasimdə AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, qurumun elmi nəşrlər şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Rəna Mirzəyeva, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun mütəxəssisləri iştirak edirdilər.

Öncə çıxış edən akademik Rasim Əliquliyev AMEA-nın institut və təşkilatlarının elmi jurnallarının veb-saytlarının müasir dövrün çağırışlarına və beynəlxalq standartlara uyğun yaradılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu bildirdi.

Sonra akademik Dilqəm Tağıyev AMEA-da nəşr olunan jurnalların yüksək keyfiyyətə malik olmasının vacibliyini qeyd etdi. Bildirdi ki,  hər hansı bir elmi jurnalın dünyanın nüfuzlu elmi bazası olan “Thomson Reuters”ə daxil edilməsi üçün əsas şərtlərdən biri də onun müasir tələblərə cavab verən veb-saytının olmasıdır.

Akademik D.Tağıyev baş redaktoru olduğu Azərbaycan Kimya jurnalının veb-saytının hazırlanmasında göstərdiyi xidmətlərə görə institutun mütəxəssislərinə təşəkkürünü bildirdi, birgə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi.  

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək institutun mütəxəssisləri tərəfindən hazırlanmış akj.az saytının AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını, təhlükəsizliyin tam şəkildə təmin olunduğunu qeyd etdi.

İnstitutun proqramçısı Sərxan Yolçuyev akj.az veb-saytı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, saytın Ana səhifəsi “Redaksiya heyəti”, “Jurnal haqqında”, “Arxiv” və digər bölmələrdən ibarətdir.  Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur. Saytın Ana səhifəsində jurnalın sonuncu buraxılışında dərc olunmuş məqalələrə baxmaq mükündür.

Sonra S.Yolçuyev məqalələrin onlayn olaraq jurnala göndərilməsi üçün hazırlanmış sistem haqqında məlumat verərək, məqalənin yerləşdirilməsi və onun redaktəsi, o cümlədən rəyin göndərilməsi qaydalarını izah etdi.

Sonda veb-saytın təqdimatı ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova öz irad və təkliflərini səsləndirdilər.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024