AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “WiGig” texnologiyaları: mövcud vəziyyəti və tətbiq sahələri” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən institutun proqramçısı Təbriz Ağaşov ilk dəfə 2000-ci ildə istifadə olunmağa başlayan Wi-Fi-ın standartları barədə məlumat verdi. O, ölkələr arasında ictimai yerlərdə ən çox yayılmış Wi-Fi nöqtələrini təqdim etdi. Həmçinin “Wireless Gigabit Aliance” qrupu tərəfindən yaradılan yeni nəsil simsiz rabitə standartı “WiGig” texnologiyası haqqında danışdı.
Məruzəçi bu texnologiyanın hazırda mövcud olan ən sürətli simsiz rabitə texnologiyalarından fərqli cəhətlərini qeyd edərək bildirdi ki, “WiGig” texnologiyası onun istifadə olunduğu qurğular arasında 8 Gbps məlumatı daşımaq imkanına malikdir. Onun sözlərinə görə, “WiGig” texnologiyasının 2017-ci ilin sonuna təqdim olunması nəzərdə tutulur.
T.Ağaşov “WiGig 802.11ad” standartının istifadə olunduğu sahələr barədə statistik məlumatları və bu standartın inkişafında böyük rola malik olan şirkətləri də diqqətə çatdırdı.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.