9 dekabr – ilk mausun yarandığı gündür 2016-12-15 13:48:44 / KONFRANSLAR

1968-ci il dekabrın 9-u ilk kompüter mausunun yarandığı gündür. Duqlas Enqelbartın ixtirası bir düyməsi olan təkərli taxta kubdan ibarət idi. Naqil ixtiraçıya əsl siçanın quyruğunu xatırlatdığından qurğu kompüter siçanı adlandırılıb.

 

İlk mausun mühəndisi Bill İnqliş, proqram təminatının müəllifi isə Ceff Rulifsondur. Qurğunun daxilində 2 metal disk var idi: onlar maus irəli, sol və sağ tərəfə hərəkət etdikdə çevrilirdi.

 

infosystems.ru saytının məlumatına görə, sonralar Enqelbartın bu ideyası “Xerox” şirkətinin marağına səbəb oldu. Şirkət tədqiqatçıları qurğunun konstruksiyasını dəyişərək onu müasir mauslara oxşar vəziyyətə gətirdilər. 1970-ci ilin əvvəllərində “Xerox” ilk dəfə mausu fərdi kompüterin tərkib hissəsi kimi təqdim etdi. 400 dollar dəyərində olan qurğunun 3 düyməsi var idi.

 

1983-cü ildə “Apple” şirkəti “Lisa” kompüteri üçün bir düyməli maus hazırlamışdı. Mausun “Apple Macintosh” kompüterlərində və sonralar “IBM PC” üçün “Windows” əməliyyat sistemində geniş istifadəsi ona böyük populyarlıq qazandırmışdı.

 

Bu gün mexaniki və optik mauslar mövcuddur. Son texnoloji yenilik isə naqilsiz mausdur. Əvvəllər hər bir istehsalçı siqnalların ötürülməsi üçün öz üsulunu hazırlayırdı. Lakin sonradan əlaqə üçün “Bluetooth” bağlantısından daha geniş istifadə olunmağa başladı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024