Azərbaycan İKT-nin inkişaf indeksinə görə MDB ölkələri arasında liderlər sırasındadır 2016-12-05 10:06:55 / KONFRANSLAR

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) saytında dərc edilmiş “İnformasiya Cəmiyyətinin ölçülməsi 2016” hesabatına əsasən, Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişaf indeksinə görə dünyada 58-ci yeri tutub (ötən ilki hesabatda ölkəmiz 67-ci yerdə qərarlaşmışdı).

 

Azərbaycan bu göstərici üzrə MDB regionunda Moldova (68-ci yer), Ermənistan (71-ci yer), Gürcüstan (72-ci yer), Ukrayna (76-cı yer), Özbəkistan (110-cu yer) və Qırğızıstanı (113-cü yer) geridə qoyaraq Belarus (31-ci yer), Rusiya (43-cü yer) və Qazaxıstandan (52-ci yer) sonra dördüncü yerdə qərarlaşıb.

 

BTİ-nin qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanın inkişaf indeksi ötən illə müqayisədə (6,23) artaraq 6,28 təşkil edib. 2016-cı ildə giriş subindeksi 6,78 (63-cü yer) və istifadə subindeksi isə 5,70 (50-ci yer) təşkil edib.

 

Hesabatda 2015-ci ildə stasionar və mobil genişzolaqlı rabitə xidmətləri üzrə qiymət səbəti qeyd olunub. BTİ-nin qiymətləndirməsinə görə, 2015-ci ilin nəticəsinə əsasən, Azərbaycanda stasionar genişzolaqlı rabitə sahəsində xidmətlərin qiymət səbəti ÜDM-nin 1,54 faizini, mobil genişzolaqlı rabitə üzrə “Prepaid” və “Postpaid” istifadəçi kateqoriyasından asılı olaraq 0,62 və 1,08 faiz təşkil edib.

 

BTİ-nin məlumatına görə, 2015-ci ildə Azərbaycanda stasionar telefon bağlantısının nüfuzetmə səviyyəsi 18,7 faiz (2014-cü ilin göstəricisindən 1,06 faiz aşağıdır) təşkil edib, mobil bağlantıda bu göstərici 111,3 faiz olub ki, bu da 2014-cü ilin göstəricisindən 0,36 faiz yüksəkdir.

 

Ölkədə 62,4 faiz ev təsərrüfatı kompüterdən istifadə edir və ev istifadəçiləri arasında internetin nüfuzetmə səviyyəsi 76,7 faiz təşkil edir. 2015-ci ildə bu göstəricilər üzrə artım ötən illə müqayisədə müvafiq olaraq 3,48 və 0,65 faiz olub.

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024