AMEA-nın nümayəndə heyətinin İtaliya və İsveçrəyə səfəri başa çatıb 2015-10-20 12:15:40 / KONFRANSLAR

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-dən 12-dək İtaliya və İsveçrədə səfərdə olmuşdur. Məqsəd “Milan EKSPO-2015” tədbiri çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirilən elmi konfransda iştirak etmək idi.

 

Nümayəndə heyətinin tərkibində AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevİştimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov təmsil olunmuşlar.

 

Öncə Turin şəhər (İtaliya) Meriyasının dəvəti ilə həmin təşkilatda nümayəndə heyəti ilə görüş keçirilib. Turin şəhərinin vitse-merinin qəbul etdiyi Azərbaycan nümayəndə heyətinin rəhbəri akademik Akif Əlizadə tədbirdə AMEA haqqında ətraflı məlumat verib, son dövrdə əldə olunan nailiyyətlərdən söhbət açıb. Daha sonra nümayəndə heyəti ilə Turin Elmlər Akademiyasında görüş olub. Qonaqlar bu qurumun fəaliyyəti ilə yaxından tanış olublar. Akademiyada saxlanılan qədim və elmi əhəmiyyətə malik kitablar böyük maraqla qarşılanıb.

 

Turin Politexnik Universitetində də keçirilən görüşdə universitetin rektoru təmsil etdiyi qurum haqqında nümayəndə heyətini məlumatlandırıb. Gələcək elmi əməkdaşlıq əlaqələri ilə bağlı müzakirələr aparılıb, alim-doktorant mubadiləsinin zəruriliyi qeyd olunub.

 

“Milan EKSPO-2015” tədbirləri çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə keçirilən elmi konfransda akademik A.Əlizadə Azərbaycanın bitki ehtiyatlarının biomüxtəliflliyi mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan öz torpaq-iqlim şəraiti və relyef müxtəlifliyi ilə biomüxtəlifliyin ən zəngin mərkəzlərindən biri hesab olunur. Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması burada bitki aləminin unikal gen fondunu, eləcə də yabanı və mədəni bitki müxtəlifliyinin mövcudluğunu qabaqcadan müəyyən edir. Akademik qeyd edib ki, Azərbaycanın təbii florasında Qafqazın 70% bitki müxtəlifliyini təşkil edən 935 cins və 125 fəsiləyə aid 5000-ə yaxın bitki növü vardır. AMEA rəhbəri bitkilərin bir çox növlərinin mənşəyi və kultivasiyası, əhali tərəfindən yabanı bitkilərdən ərzaq, dərman və təsərrüfat məqsədiylə istifadə və s. haqqında ətraflı məlumat verib.

 

Akademik A.Əlizadə 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə elmi-praktiki problemlərin həllini təmin etmək məqsədilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və regionda ilk Milli Genbankın yaradıldığını diqqətə çatdırıb: “Hazırda bu bankda Milli genefondu təmsil edən 7100 nümunədən çox qiymətli və nadir bitki növləri, tarla genbankında isə 4000-ə yaxın bitki nümunəsi qorunub saxlanılır”. Yaşadığımız dövrün genom və yüksək texnologiyalar əsri olduğunu qeyd edən akademik hazırda Azərbaycanın biomüxtəlifliyinin öyrənilməsi üzrə planların dünya elminin müəyyən strateji istiqamətlərinə müvafiq olaraq qurulduğunu bildirib. Alim müəyyən edilmiş hədəflər və tədqiqat fəaliyyətinin ən yaxın illərdə yalnız Azərbaycana deyil, ümumilikdə dünya elminə öz dəyərli töhfələrini verəcəyinə əminliyini ifadə edib. Yaxın gələcəkdə bəşəriyyəti gözləyən aclıq, xəstəlik, kəskin iqlim dəyişiklikləri, ərzaq, əhali artımı və digər problemlərdən söz açaraq, bir sıra fakt və proqnozları da diqqətə çatdırıb.

 

Konfransda, akademik Rasim Əliquliyev “Neft strategiyasından İKT strategiyasına: nailiyyətlər və perspektivlər” mövzusunda geniş təqdimatla çıxış edib. İlk öncə tədbirin əhəmiyyətinin qeyd edən akademik Rasim Əliquliyev yüksək səviyyəli təşkilatçılığa görə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinə öz minnətdarlığını bildirib. Ölkə üzrə İKT sahəsində görülmüş işlər, mühüm istiqamətlər, prioritetlər haqqında məlumat verən natiq, qarşıda duran məsələlər, yeni perspektivlər haqqında ətraflı məruzə edib. Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi prosesində, eləcə də biliklər cəmiyyətinə inteqrasiyada İKT-nin əhəmiyyəti konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Alim AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti haqqında da məlumat verərək, bu təşkilatın fəaliyyəti, elmi  istiqamətlərinə dair geniş məlumat verib.

 

Konfransda geologiya-mineralogiya elmləri doktoru, professor  Adil Əliyev “Azərbaycanda palçıq vulkanları fenomeni” adlı məruzə ilə çıxış edib. Azərbaycanda və dünyada mövcud olan palçıq vulkanları haqqında ətraflı məruzə edən prof. A.Əliyev vulkanların tibbi, ekoloji, turistik, sənayeyönümlü xüsusiyyətləri haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

 

AMEA nümayəndə heyəti səfər zamanı Luqano meriyasının dəvəti ilə İsveçrənin Luqano şəhərində keçirilən konfransda da iştirak edib. Tədbirdə AMEA prezidenti akademik Akif Əlizadə qida təhlükəsizliyi, ölkəmizin ərzaq təminatı, dənli bitkilərin elmi cəhətdən tədqiqi sahəsində əldə olunan uğurlardan danışıb.

 

Konfransda həmçinin, akademik Rasim Əliquliyev İKT sahəsində ölkəmizdə və AMEA-da görülən işlərlə bağlı ətraflı məlumat verib.       

 

AMEA nümayəndə heyətinin İtaliya və İsveçrəyə səfəri Azərbaycan elmi dəyərlərinin Avropa ictimaiyyətinə çatdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023