Elektron dərsliklərin tətbiqi innovativ tədris prosesinin vüsət almasına zəmin yaradır 2015-10-13 11:39:12 / KONFRANSLAR

Elektron dərsliklərin (ED) tədris prosesinə tətbiqi gənc nəslin innovativ biliklər əldə etməsi, kreativ təfəkkürlü kadrların yetişməsində mühüm rol oynayır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminar da məhz “Elektron dərsliklər: mövcud problemlər və perspektivlər” mövzusuna həsr olunub.

 

Məruzə ilə çıxış edən institutun dissertantı Vüsalə Qurbanova hazırda dünyada elektron tədris mühitinə keçidin vüsət aldığını qeyd edib. Hipermətnlər şəklində elektron dərsliklərin yaradılması və onların tədris prosesinə tətbiqi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

 

Elektron dərsliklərin yaradılmasında mövcud problemlərdən də söz açan məruzəçi bu sahədə hələ də vahid standartların və hüquqi mühafizə mexanizminin işlənilmədiyini bildirib. Qeyd edib ki, elektron dərsliklərin keyfiyyətini ölçən meyarlar və ümumiyyətlə ED anlayışı dəqiq müəyyənləşdirilməyib: “Belə ki, bu sahədə araşdırma aparan tədqiqatçıların məqalələrində ED dedikdə, proqram və ya texniki təminatdan bəhs olunduğu aydın göstərilmir. Digər anlaşılmazlıq onun ingilis dilində “electronic” və ya “digital” dərslik adlandırılması ilə əlaqədardır. Cənubi Koreyanın İnformasiya Texnologiyalarının İnkişafı İnstitutunun professoru Canq “Elektron dərsliklərin (DT) statusu və gələcək perspektivləri” adlı məqaləsində qeyd edib ki, “electronic textbooks” (elektron dərslik) anlayışı formal və funksional aspektləri əhatə edir, “digital textbooks” anlayışı isə məhz tədris funksiyasını daşıyır”. V.Qurbanovanın sözlərinə görə, bu izaha bir çox tədqiqatçıların elmi işlərində rast gəlinsə də, iki anlayışın eyni məna kəsb etdiyini söyləyənlər də var.

 

Məruzəçi elektron dərsliklərin ənənəvi dərsliklərlə müqayisədə bir sıra üstünlüklərə malik olduğunu qeyd edib. Bildirib ki, asanlıqla əldə edilən və yenilənən, saxlanılması və daşınması daha rahat olan elektron dərsliklər böyük xərc tələb etmir. O, eyni zamanda elektron dərsliklərin qeyri-qanuni yüklənməsi, elektrik enerjisindən asılılığı, texniki problemlərin yaranma ehtimalı, insanların görmə qabiliyyətinin zəifləməsinə səbəb olması kimi mənfi tərəflərinin olduğunu da söyləyib.

 

V.Qurbanova həmçinin elektron dərsliklərin hazırlanması və tətbiqinə dair dünya təcrübəsinin öyrənilməsinin zəruriliyindən söz açıb. ABŞ, İngiltərə, Yaponiya, Rusiya kimi bir çox ölkələrdə elektron dərsliklərin tədris prosesinə geniş tətbiq edildiyini nəzərə çatdırıb.

 

Sonra məruzəçi verilən sualları cavablandırıb. Seminar iştirakçıları təklif və tövsiyələrini səsləndiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024