“AzScienceNet şəbəkəsində paralel proqramlaşdırma sistemlərinin tətbiqi” mövzusunda elmi seminar keçirilib 2015-10-01 17:36:35 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov tədbirin “AzScienceNet şəbəkəsində paralel proqramlaşdırma sistemlərinin tətbiqi” mövzusuna həsr olunduğunu bildirib. 

 

Məruzəni institutun əməkdaşları Səməd Dursunov və Məmmədrəsul Yaqubovtəqdim ediblər.

 

Səməd Dursunov böyük həcmli hesablama ilə məşğul olan mütəxəssislər üçün hesablama sürətinin artırılmasının vacib şərt olduğunu bildirərək, öz növbəsində bu prosesin böyük xərc tələb etdiyini qeyd edib: “Bu səbəbdən proqram təminatının inkişafı və açıq tipli əməliyyat sistemlərinin yayılması sürətlənir. Bu iki amilin köməyi ilə superkompüterlərin sürətini və effektivliyini dəfələrlə az vəsait sərf edərək artırmaq mümkün olub” – bildirən məruzəçi paralel proqramlaşdırmanın mahiyyəti, çoxprosessorlu hesablama sistemlərinin nümunə topologiyaları, matriks vurma haqqında məlumat verib.

 

Digər məruzəçi Məmmədrəsul Yaqubov paralel hesablamanın  üstünlüklərindən danışaraq bu növ hesablamaların həlli çətin olan, əsasən böyük zəhmət tələb edən problemlərin həllində istifadə olunduğunu bildirib. Paralel hesablama ilə proqramın performansının artdığını, böyük məsələlərin daha az vaxtda həll olunduğunu qeyd edib. Paralel hesablama sistemləri, performans və qiymət, alqoritmlər, paralel sistemlər, paralel proqramlaşdırma modellərindən bəhs edib.

 

Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər irəli sürülüb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024