Beynəlxalq elmi bazalarla əməkdaşlıq istiqamətində tədbirlər görülür 2015-09-23 14:59:45 / KONFRANSLAR

Müasir dövrdə elmi bazalardan geniş istifadə dünya elminə inteqrasiya, alimlərimizin beynəlxalq aləmdə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Beynəlxalq elmi bazalar mühüm elmi nəticələrin əldə olunması və təbliğində böyük imkanlara malikdir. Təsadüfi deyil ki, bu gün elmi-tədqiqat institutlarının qarşısında duran başlıca vəzifələrdən biri də məhz bu sahədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

 

Son illər Azərbaycan alimlərinin beynəlxalq elm aləmində təmsil olunması məqsədilə nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur. AMEA İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə mühüm tədbirlər görülür, müxtəlif səpkili görüşlər keçirilir, elmi seminarlar təşkil olunur.

 

Alimlərimizin elmi nəşrlərinin beynəlxalq elmi bazalarda yerləşdirilməsi qaydalarına həsr olunmuş elmi seminar da bu qəbildən olan tədbirlərdən idi. Tədbirdə institutun böyük elmi işçisi Səbinə Məmmədzadə elmi nəşrlərin “Index Copernicus”, “Citation Index”, “CiteSeerX”, “DBLP” kimi bazalarda yerləşdirilməsi qaydalarından bəhs edən məruzə ilə çıxış edib.

 

Bildirib ki, elmi nəşrlərin beynəlxalq bazalara daxil edilməsi bazaların seçilməsi, qeydiyyat, jurnal haqqında məlumatın yerləşdirilməsi, qiymətləndirmə, bildirişin göndərilməsi ardıcıllığı üzrə aparılır. “Index Copernicus” elmi bazasının tələbləri barədə məlumat verən S.Məmmədzadə qeyd edib ki, bu zaman jurnalın onlayn və çap versiyası, dil müxtəlifliyi, jurnalın xarakteri, buraxılışların dövriliyi, biblioqrafik üslub (IEEE, Harvard və s.), redaksiya heyəti və s. məlumatların daxil edilməsi vacib şərtdir. O, həmçinin “DBLP” bazasına elmi nəşrlərin daxil edilməsinə dair tələblərdən də söz açaraq, burada məqalələrə qoyulmuş tələblər, redaksiya və müəllif aspektləri, nəşr standartları, uzunmüddətli əlyetərlilik və digər qaydaları seminar iştirakçılarının nəzərinə çatdırıb.  

 

Məruzəçi institutun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq elmi bazalara daxil edilməsi istiqamətində görülən tədbirlərdən də danışıb. 

 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər irəli sürülüb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024