Artıq robotları icarəyə götürmək mümkündür 2015-08-05 09:47:23 / KONFRANSLAR

Yaponiyanın “SoftBank” telekommunikasiya şirkəti ötən ilin oktyabr ayından etibarən “Pepper” adlı robot-humanoid üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Bu robot ilk növbədə insanlarla ünsiyyət qurmaq üçün yaradılıb. O, əyləndirməyi, tərbiyə etməyi, öyrətməyi, kömək etməyi və insanlarla söhbət etməyi bacarır.

 

Zaman keçdikcə robot daha “ağıllı” olur, çünki bu seriyaya məxsus bütün robotlar üçün ümumi “beyin” rolunu yerinə yetirən serverlər “bulud” sisteminə qoşulub.

 

hi-news.ru saytının məlumatına görə, ötən ay Çinin “Alibaba” və “Foxconn” kimi nəhəng şirkətləri “SoftBank”-ın robot texnikası ilə məşğul olan bölməsinə 236 milyon dollar sərmayə yatırıblar. Tərəfdaşlar tezliklə “Pepper” robotunu və yapon şirkətinin digər məhsullarını dünya bazarına çıxarmağı planlaşdırır.

 

2015-ci ilin iyun ayının 20-də məhdud sayda “Pepper” robotu 1610 dollara satışa çıxarıldı və cəmi 1 dəqiqə ərzində tamamilə satıldı. İnsanın emosiyalarını tanımağı və çətin anlarda öz sahibini dəstəkləməyi bacaran robot-yoldaş konsepsiyası insanlar tərəfindən bəyənildi. Bu da yaxın gələcəkdə robotlara tələbatın artacağını göstərir.

 

İndi “SoftBank” telekommunikasiya şirkəti “Pepper” robotunun biznes versiyasını təqdim edir. “Pepper for Biz” adlandırılmış robotlar müxtəlif ictimai müəssisə, mağaza, kafe, mehmanxana və klinikalarda istifadə üçün nəzərdə tutulub. Sahibkarlar ayda 440 dollar ödəməklə robotu icarəyə götürə biləcəklər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020