İnstitutun direktoru və şöbə müdiri GEANT Assosiasiyasının Baş Assambleyasının 23-cü iclasında iştirak ediblər 2021-03-26 19:00:00 / KONFRANSLAR

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 23-24 mart tarixlərdə GEANT-ın Baş Assambleyasının 23-cü iclasında iştirak ediblər. Onlayn tədbirdə Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən 70-dən çox nümayəndə qoşulub.

Onlayn tədbirin birinci günündə yeni üzvlərin təyin edilməsi məsələləri və bu məqsədlə auditorların seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də GEANT Assosiasiyasının Strategiyası təsdiq olunub.

Həmçinin Up2U Plus 4 NREN layihəsi, T&I infrastrukturunun əsas komponentlərinin təhlili və elmi tədqiqatların keyfiyyətinin artırılması üçün verilənlərin mübadiləsinin stimullaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb. Sonda GEANT Proqram Planlaşdırma  Komitəsinin təsdiqlənməsi üzrə keçiriləcək səsvermə haqqında məlumat verilib.

Tədbirin ikinci günündə isə GEANT Proqram Planlaşdırma Komitəsinin təsdiqlənməsi üzrə səsvermə keçirilib, GN5 layihəsi iştirakçılara təqdim edilib. İdarə Heyəti və Komitənin tərkibi, eləcə də İdarə Heyətinin Nümayəndəliyi barədə məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra iclasda Şəbəkə İnfrastruktur Məsləhət Komitəsinin (NIAC - Network Infrastructure Advisory Committee) son vəziyyəti haqqında məlumat təqdim edilib. EuroHPC koordinasiyası – gələcək iclaslar, tədbirlər və bu sahədə nəzərdə tutulan planlar və innovasiya proqramı, o cümlədən Avropa Açıq Elm Buludunda  (EOSC - European Open Science Cloud) gələcək yenilənmələr müzakirə edilib.

Daha sonra İnstitutun GN4-3 layihəsində yeni iştirakçı olması haqqında məlumat verilib və perspektivlərə dair müzakirələr aparılıb.

İclasın sonunda GEANT Proqram Planlaşdırma Komitəsinin seçki nəticələri iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Qeyd edək ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə ən azı iki dəfə görüşürlər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020